Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib

15:13 26 Yanvar 2015
135 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Yanvarın 25-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz məhsulları çıxarılıb.
Bazar günü “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10,55 ton məhsul, o cümlədən 0,4 ton ət, 0,2 ton ağartı, 3 ton tərəvəz, 3,5 ton meyvə və s. təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirov dedi ki, ümumilikdə şənbə və bazar günlərində yarmarkada 21,50 ton məhsul satılıb. Yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Yarmarkada badımcan 1 manat 80 qəpiyə - 2 manata, kartof 70-90, soğan 35-50 qəpiyə təklif edilirdi. Burada, həmçinin qoyun ətinin kiloqramı 5 manat 50 qəpiyə, mal əti 5 manata, yumurtanın 1 ədədi 9-10 qəpiyə satılırdı.
Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkasına istirahət günlərində bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə Sabirabad, Kürdəmir, Bərdə, Xaçmaz, Quba, Göyçay və Gədəbəy rayonlarının fermerləri və digər torpaq mülkiyyətçiləri 148,6 ton meyvə-tərəvəz, bostan məhsulları, mal və qoyun əti, ağartı, göyərti və digər məhsullar gətirmişdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Arzu Hüseynov məlumat verdi ki, paytaxt sakinləri mövsümə uyğun meyvə-tərəvəzlərdən kartof, soğan, badımcan, kələm, bibər, çuğundur, yerkökü, göyərti, alma, armud, nar, heyva, əzgil, xurma, həmçinin balqabaq və digər məhsulları daha həvəslə alırlar.
Şənbə günündə olduğu kimi, yanvarın 25-də də yarmarkada səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlığa gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb edirdi.
Məhsullar bazarlardakından 25-30 faiz ucuz qiymətə təklif olunurdu. Bunun nəticəsində istirahət günlərində yarmarkaya daxil olmuş məhsulların 85 faizindən çoxu satılmışdı.
Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılmışdı.
Yarmarkada qoyulmuş nəzarət tərəzisində hər kəs aldığı məhsulun çəkisini yoxlaya bilərdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov məlumat verdi ki, şənbə və bazar günlərində Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində (10,9 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (1,5 ton) satışa bir gün əvvəl Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş ümumilikdə 12,4 ton məhsulun, demək olar ki, hamısı satılıb.
Hər iki yarmarkada meyvələrdən alma, armud, nar, heyva, əzgil, xurma, tərəvəzlərdən pomidor, xiyar, soğan, kartof, badımcan, bibər, göyərti, bostan məhsullarından balqabaq və digər mövsümi kənd nemətlərinin alıcıları çoxluq təşkil edirdi.
Bazarlarla müqayisədə qiymətlər 25-30 faiz ucuz idi. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdi.
Xəbər verdiyimiz kimi, şənbə günü Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 295 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İsmayıl Sərdarlı məlumat verdi ki, şənbə və bazar günlərində yarmarkada bazarlardakından 20-25 faiz ucuz qiymətə 290 tondan çox pomidor, xiyar, yerkökü, çuğundur, kartof, soğan, kələm, balqabaq, heyva, armud, alma, naringi, nar, göyərti və digər məhsullar satılıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə və bazar günlərində Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığındakı yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala, Oğuz rayonlarından gətirilmiş 48 ton kənd təsərrüfatı məhsullarının və Giləzi broyler fabrikindən daxil olmuş 4,5 min ədəd yumurtanın xeyli hissəsi satılıb.
Yarmarkada ilk baxışdan canlanma, bolluq və qızğın alış-veriş gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun meyvələrdən alma, armud, heyva, nar, xurma, əzgil, tərəvəzlərdən pomidor, xiyar, kələm, kartof, soğan, yerkökü, çuğundur, həmçinin ağartı, göyərti və s. kənd nemətləri təklif edilirdi.
Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəzin, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
Bir gün əvvəl olduğu kimi, yanvarın 25-də də Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Bərdə, Siyəzən, Goranboy, Ağstafa və başqa rayonlardan gəlmiş fermerlər və digər torpaq mülkiyyətçiləri əhaliyə müxtəlif çeşiddə məhsullar təklif edirdilər.
Burada bazarlıq edən alıcılar meyvə-tərəvəzlərin, süd və bostan məhsullarının qiymətlərinin bazarlardakından 25-30 faiz ucuz olduğunu söyləyirdilər.
Yarmarkada yaradılan xidmət şəraiti də razılıq doğururdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, şənbə və bazar günlərində yarmarkada 27,3 ton meyvə-tərəvəz, bostan və ağartı məhsulları satılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR