Qocaman poçtalyon: Sizə məktub var...

Qocaman poçtalyon: Sizə məktub var...
11:53 10 Avqust 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+


Tovuz, 10 avqust, AZƏRTAC
Tovuzlular poçtalyon Rəşid kişini yaxşı tanıyırlar. O, gün ərzində 25-30 kilometr piyada yol qət edərək, əmanət saydığı məktubları vaxtında ünvanlarına çatdırır. Tovuzda bütün küçələri, prospektləri, şəhərdə yaşayan insanları tək-tək tanıyır. Səhər nəvəsi ilə görüşüb yola çıxan Rəşid Rüstəmov 35 ildir poçtalyon işləyir. Altmış bir yaşlı Tovuz sakini peşəsinin vurğunudur. Uzun illərdir yağışda, qarda, soyuqda, istidə yorulmadan insanlara xidmət edir.
Qocaman poçtalyon AZƏRTAC-ın müxbiri ilə söhbətində yaşının bu çağında hələ yorğunluq hiss etmədiyini bildirir. “Sizə məktub var” deyərək qapısını döydüyü insanların naməni oxuyub sevindiklərini görəndə isə sanki ona güc gəlir.
Hələ gənc yaşlarında poçtalyon peşəsini seçərkən ailəsi onun bu istəyinə etiraz etməyib. Sadə peşə olsa da, şərəfli və məsuliyyətli işdir. Rəşid kişi sevib-seçdiyi xanımla ailə qurub, alın təri ilə qazandığı məvaciblə dörd övlad böyüdüb. Tovuzlu poçtalyon deyir ki, indiki dövrdə gənclər bu sahəyə maraq göstərmirlər. Elə buna görə də rayonda ondan başqa cəmi bir poçtalyon var.
Rəşid Rüstəmov uzun illər çalışdığı bu peşədə şərəfli və məsuliyyətli fəaliyyətinə görə mükafatsız da qalmayıb. Müsahibim deyir ki, indi internet əsri olmasına baxmayaraq, bu gün də göndərilən məktubların sayı çoxdur. O, gün ərzində 100-ə yaxın məktub payladığını bildirir.
Sürətli yerişi ilə yorulmaq bilməyən sadə peşənin peşəkarı o qədər yüksək məvacib almasa da, insanların sevinci ona həm maddi, həm də mənəvi dəstək olur. Bir sözlə, 61 yaşlı poçtalyon hələ yorulmayıb...


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qocaman_pochtalyon_Size_mektub_var-876416

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR