Astara, 12 avqust, Bağır Əliyev, AZƏRTAC
Avqustun 12-də Astara Rayon İcra Hakimiyyətində rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri və din xadimləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev xalqımızın əsrlər boyu formalaşdırdığı milli mənəvi dəyərlərdən və onun qorunmasından, ölkəmizdə hökm sürən və bütün dünyaya nümunə olan tolerantlıq mühitindən danışıb.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dini mənəvi dəyərlərimizin qorunması, məscidlərin, tarixi və dini abidələrin əsaslı təmiri, yenidən qurulması və tikintisi məqsədilə həyata keçirdiyi genişmiqyaslı tədbirlər barədə məlumat verən Q.Ağayev Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə üzrə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov, Kakalos kənd məscidi dini icmasının sədri Hüseynxan İsayev, Ərçivan qəsəbə məscidinin axundu Orucəli Feyziyev, Vaqo kənd məscidinin imamı Zaur Abbasov və başqaları çıxış edərək, dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği ilə bağlı görülən işlərdən danışıblar.
Çıxışlarda qeyd olunub ki, rayonda dini mərasimlərin və ayinlərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. İctimaiyyətin fəal köməyi ilə radikal dini cərəyanlara qarşı ciddi mübarizə aparılır.
Diqqətə çatdırılıb ki, rayonun Şüvi, Pensər, Sığaloni və Şahağac kəndlərində fəaliyyət göstərən dini icmaların təqdim etdikləri layihələr əsasında müvafiq miqdarda vəsait ayrılıb. Dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği ilə bağlı müxtəlif mövzularda layihələr çərçivəsində keçirilən tədbirlər ictimaiyyət nümayəndələrinin böyük marağına səbəb olub. Rayonda fəaliyyət göstərən digər dini icmalar tərəfindən layihələr təqdim edildikdən sonra onlara da vəsait ayrılacaqdır.
Bildirilib ki, görüşdə müzakirə olunan məsələlərin geniş ictimaiyyətə çatdırılması üçün din xadimləri fəallıq göstərməli, yas məclislərinin keçirilməsi zamanı israfçılığın qarşısı alınmalı, bununla əlaqədar maarifləndirməyə geniş yer verilməli, dini xütbələrdə
əsasən vətənpərvərlikdən və şəhidlərimizin qəhrəmanlıqlarından bəhs olunmalıdır. Həmçinin radikalizmi təbliğ edən təriqətlərə qarşı hamılıqla mübarizə aparılmalı, dini missionerlərin qarşısı alınmalı, ağsaqqallar və ziyalılar bu işdə fəallıq göstərməlidirlər.