Bakı, 19 avqust, AZƏRTAC
“Azərbaycanda Uşaqlar üçün Ədliyyə Mexanizmlərindən İstifadənin Dəstəklənməsi” layihəsi çərçivəsində beş günlük “Hüquqi yardım və hüquqi təmsilçilik xidmətlərinin göstərilməsi” təlimlərinə start verilib.
Bu barədə AZƏRTAC-a Gənclər üçün Təhsil Mərkəzindən məlumat veriblər.
Gənclər üçün Təhsil Mərkəzi, UNİCEF-in Azərbaycandakı ofisi, Avropa İttifaqı, Azərbaycan hökuməti, “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin birgə reallaşdırdığı “Azərbaycanda Uşaqlar üçün Ədliyyə Mexanizmlərindən İstifadənin Dəstəklənməsi” layihəsinin əsas məqsədi regionlarda yuvenal ədliyyə sistemini inkişaf etdirməkdir.
Tədbirdə UNİCEF-in Azərbaycandakı ofisinin uşaq müdafiəsi şöbəsinin rəhbəri Ramiz Behbudov çıxış edərək, layihənin həyata keçiriləcəyi regionlar, əhatə olunan sahə üzrə fəaliyyət göstərən müxtəlif qurumlar arasında koordinasiya işləri, həbsdən yayındırma proqramları barədə iştirakçılara məlumat verib.
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bu layihə çərçivəsində Ağcabədi və Mingəçevir regional ofislərində uşaq və yeniyetmələrin hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi üçün yaradılacaq Hüquq Klinikasından söhbət açıb. Bildirib ki, hər iki hədəf ərazidə 18 yaşa çatmayan istənilən şəxsin hər hansı qanun pozuntusuna yol verdikdə, dindirilmə zamanı təmənnasız hüquqşünas xidmətimizdən yararlanmasına şərait yaratmaqdır.
Təlimlər yuvenal ədliyyə və uşaqların müdafiəsi üzrə Böyük Britaniyanın Koram Uşaq Hüquq Mərkəzinin məsləhətçisi, 1984-cü ildən etibarən Hüquqi Yardım Məhkəmə vəkili olan Devid Quen tərəfindən keçirilir. Təlimin fasilitatorları isə “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin rəhbəri Nazir Quliyev və hüquqşünas Ramil İskəndərlidir.