Bakı, 24 avqust, AZƏRTAC
“Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi” layihəsi çərçivəsində “Hüquqi yardım və hüquqi təmsilçilik xidmətlərinin göstərilməsi” mövzusunda keçirilən beşgünlük təlimlər başa çatıb.
Gənclər üçün Təhsil Mərkəzinin (GTM), UNİCEF-in Azərbaycandakı ofisinin, Avropa İttifaqının, Azərbaycan hökumətinin və “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin birgə reallaşdırdığı layihənin əsas məqsədi regionlarda yuvenal ədliyyə sistemini inkişaf etdirməkdir.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, təlimlər yuvenal ədliyyə və uşaqların müdafiəsi üzrə Böyük Britaniyanın Koram Uşaq Hüquq Mərkəzinin məsləhətçisi, vəkil Devid Quen tərəfindən keçirilib.
Proqrama əsasən iştirakçılara regionlarda uşaq hüquqları sahəsində fəaliyyət göstərən vəkillər və sosial işçilər üçün uşaqların cinayət, inzibati, mülki və ailə hüququ sahələrində ədliyyə sisteminə çıxışı, aidiyyəti dövlət orqanları tərəfindən uşaqların hüquq və mənafelərinin qorunması istiqamətində beynəlxalq təcrübə və digər mövzular tədris olunub.
Təlim çərçivəsində UNİCEF-in milli eksperti Ramil İsgəndərli iştirakçıları təşkilatın ölkədə uşaq hüquqlarının müdafiəsini gücləndirmək, qanunla konfliktdə olan və ya risk altında olan uşaqlara çıxışını təmin etmək, regional QHT-lərin bacarıqlarının artırılması istiqamətində görülən işlər barədə məlumatlandırıb.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
