Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) avqustun 28-dən 30 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 130 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib.
DQMK-dan AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 65-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 65-i isə apelyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibədən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.
İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait komissiyanın rəsmi internet saytında yerləşdirilib. İmtahan zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı avqustun 28-dən sentyabrın 26-dək komissiyaya təqdim etməlidirlər. Müraciət forması elektron formatda, yaxud şəxsən və ya poçt vasitəsilə təqdim edilə bilər.
Müsabiqəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 28 avqust nömrəsində və komissiyanın rəsmi internet saytında - www.dqmk.az verilib.
Xatırladaq ki, avqustun 6-da komissiya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində inzibati vəzifələrin yeddinci təsnifatlarına uyğun olan 11 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib və indiyədək 578 nəfər komissiyada qeydiyyatdan keçib. Qeydiyyat sentyabrın 4-də başa çatacaq.
Həmçinin DQMK avqustun 14-də 55 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 693 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib və indiyədək 2458 nəfər komissiyada qeydiyyatdan keçib. Bu müsabiqə üzrə qeydiyyatın müddəti isə sentyabrın 14-də bitəcək.