Bakı, 3 sentyabr, AZƏRTAC
Hər il dünyada narkotik istifadəçilərinin sayı artır. Statistik rəqəmlər göstərir ki, narkotiklərdən istifadə hələ 2012-ci ildə 183 000 nəfərin həyatına son qoyub.
Yeniyetmələrin narkomaniya xəstəliyinə düçar olması müasir dövrün ən aktual problemlərindəndir. Ona görə ki, narkotiklərdən ilk istifadənin əksər halları məhz bu yaş dövründə baş verir. Digər tərəfdən narkotik vasitələrin təsiri (uzun müddətə narkotiklərlə zəhərlənmə) inkişafda olan orqanizmə məhvedici təsir göstərir. Rəsmi statistikaya əsasən, 2013-cü ildə ölkəmizdə narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 376 nəfər olub. Onlardan 15-17 yaşlı şəxslər 4 nəfər, 18-24 yaşlı şəxslər 1324 nəfər, qadınlar isə 20 nəfərdir. Bundan başqa, 25-29 yaşlı narkoman şəxslər 3850 nəfər təşkil edib ki, onlardan da 43 nəfəri qadındır. 2014-cü ildə bu dəhşətli bəlaya düçar olmuş şəxslərin ümumi sayı 28 656 nəfər olub. Ötən ilin rəsmi statistik hesabatına görə toksikomanların ümumi sayı 152 nəfərdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizdə narkomanlığa düçar olmuş vətəndaşların sosial və tibbi reabilitasiyası gücləndirilib. Belə insanların normal həyata və cəmiyyətə qaytarılması məsələnin vacibliyini nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2 dövlət proqramı tam icra olunub.
Ölkə başçısının 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə növbəti “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Narkomaniyanın ilkin profilaktikası və narkotik əleyhinə təbliğatın aparılması məqsədilə “Narkotiklər barəsində həqiqəti bilin” adlı yaddaş jurnalı, “Alkoqolizm” və “Psixoaktiv maddələrdən asılılıq” adlı bukletlər hazırlanaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bütün şəhər və rayonlar üzrə şöbələrinə, Bakı şəhərinin rayon polis idarələrinə göndərilib.
Respublika Narkoloji Mərkəzinin bazasında 2014-cü ilin oktyabr-noyabr aylarında Bakının orta ümumtəhsil məktəblərində çalışan həkimlər və orta tibb bacıları üçün təlim kursları keçirilib. İki həftə davam edən kurslarda Narkoloji Mərkəzin rəhbərliyi və tibbi heyəti ilə yanaşı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak ediblər. Təlim kurslarında narkomaniya problemlərinə aid təqdimatlar olub və mövzular ətrafında müzakirələr aparılıb. Kursun iştirakçılarına sertifikatlar verilib.