Bakı, 28 yanvar, AzərTAc
Son məlumata görə, Tripolidə liviyalı məmurların, xarici diplomatların və jurnalistlərin qaldığı otelə hücum zamanı 11 nəfər həlak olub. Həlak olanlar arasında ABŞ, Fransa, Cənubi Koreya və Filippin vətəndaşları var.
AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, hadisə yanvarın 27-də səhər saatlarında baş verib. Əvvəlcə yaxınlıqda avtomobil partladılıb, daha sonra qarışıqlıqdan istifadə edən silahlılar otelə soxularaq atəş açmağa başlayıblar. Xüsusi təyinatlı dəstələr oteli mühasirəyə aldıqdan sonra isə 24-cü mərtəbədə gizlənən yaraqlılar üstlərindəki partlayıcını işə salıblar.
Hücuma görə məsuliyyəti İŞİD-ə qatılan Liviya qruplaşması öz üzərinə götürüb. Onlar bu hücumun ilin əvvəllərində Nyu-Yorkda məhkəməni gözləyərkən vəfat edən başçılarına görə qisas olduğunu bəyan ediblər.