Futzal üzrə Slovakiya yığmasının Bakıya gələcək heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Marian Berkı 14 oyunçuya dəvət göndərib.
Ancaq Slovakiya yığmasında problem yaranıb. Belə ki, klubunda bombardir olan hücumçu Peter Halkoya Azərbaycana viza açdırmaq problemə çevrilib. Əgər ona viza alınmasa, o zaman Halkonu heyətdə başqa oyunçu əvəzləyəcək.
Qeyd edək ki, Slovakiya yığması sentyabrın 15-də 2016-cı ildə Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatına çıxmaq üçün "pley-off"da millimizlə görüşəcək. İlk oyun Bakıda Əl Oyunları İdman Sarayında saat 21.00-da başlayacaq. Cavab qarşılaşması isə bundan 1 həftə sonra Trnava şəhərinin idman zalında baş tutacaq. Bu matç Bakı vaxtı ilə saat 22.00-da start götürəcək.
Rəqib komanda bu gün Bakı vaxtı ilə saat 20.00-da Trnavada məşqlərə başlayacaq. Slovaklar bazar günü saat 16.30-da Vyananın Şvexat hava limanından Moskvaya, ordan isə Bakıya uçacaqlar. Onların saat 21.10-da Bakıda yerə eniş edəcəyi gözlənilir.
Qapıçılar: Peter Brndiar (Slov-Matits FOFO), Erik Klema (Troliqabus).
Sahə oyunçuları: Peter Kozar, Anton Brunovski, Peter Halko, Matuş Kıyovski, Duşan Rafay, Marek Bahna, Martin Zdrahal, Attila Fehervari (hamısı "Slov-Matits FOFO"), Tomaş Drahovski, Qabriel Ritsk (hər ikisi "Dyör", Macarıstan), Martin Doşa (Sparta, Çexiya), Yuray Vişvader (Slovan).
Fanat.az