Bakı, 29 yanvar, AzərTAc
“Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Göygöl rayon filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə ASC-dən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı ASC-nin Göygöl rayon filialının rəisi Aqil Mustafayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tanışı Akif Abbasov və digərləri vasitəsilə saxta sənədlər tərtib etməklə Cəmiyyətə məxsus “Qonaq evi”nin 47,6 kvadratmetr sahəsini öz adına rəsmiləşdirməklə özgə əmlakını mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 313-cü (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.