Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında yeni dərs ilinin başlaması ilə əlaqədar mərasim keçirilib. Mərasim Azərbaycanın Dövlət himninin səslənməsi və Dövlət bayrağının ucaldılması ilə başlayıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov yeni dərs ilinin başlaması münasibətilə akademiyanın müəllim və tələbə heyətini təbrik edərək bildirib ki, təhsili Azərbaycanın davamlı inkişaf strategiyasında ən vacib amillərdən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyev bu sahənin inkişafına xüsusi olaraq diqqət göstərir. Təhsil ocaqlarının təmir edilərək ən müasir standartlara uyğun şəkildə yenidən qurulması, təhsil işçilərinə, elm adamlarına göstərilən dövlət qayğısı bunun əyani sübutudur.
Ş.Bağırov qeyd edib ki, Dövlət Gömrük Komitəsinin Akademiyasının əsas missiyası savadlı, daim öz üzərində işləyən, hərtərəfli inkişaf etmiş, vətənə, dövlətə və dövlətçiliyə sadiq kadrlar yetişdirməkdir. Bu istiqamətdə akademiya rəhbərliyinin , müəllimlərin və tədris prosesinə cəlb olunan digər mütəxəssislərin var güvvəylə çalışdığını qeyd edən natiq, yeni olmasına baxmayaraq bu təhsil ocağında keyfiyyətli tədris prosesinin təşkili üçün bütün zəruri şəraitin yaradıldığını, yüksək ixtisaslı müəllimlərin tədrisə cəlb olunduğunu, tələbələrin sosial həyatına və dərsdən kənar tədbirlərin təşkilinə xüsusi diqqət yetirildiyini bildirib.
Mərasimdə akademiyanın rəhbərliyi, müəllim və tələbələr çıxış edərək təbriklərini çatdırıblar.
Daha sonra bu il akademiyaya qəbul olunan tələbələrin valideynləri ilə görüş keçirilib, onlara bu təhsil ocağı barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında tədris hüquq və iqtisadiyyat ixtisasları üzrə aparılır. Ötən il 40, 2015-ci ildə isə 44 abituriyent bu təhsil ocağının müdavimi adını qazanıb.