Bakı, 29 yanvar, AzərTAc
Son illərdə ölkəmizdə heyvanların cins tərkibinin yaxşılaşdırılması, irimiqyaslı heyvandarlıq təsərrüfatlarının yaradılması və xarici ölkələrdən lizinq yolu ilə güzəştli şərtlərlə damazlıq düyələrin idxal edilməsi nəticəsində bu düyələrin təkrar istehsalında süni mayalandırma işinə daha çox tələbat yarandığından kənd yerlərində bu sahəyə maraq artıb. Yerlərdə daha ixtisaslı süni mayalama mütəxəssislərinə ehtiyac yaranıb.
Bu barədə AzərTAc-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Göygöl Rayon Süni Mayalandırma Mərkəzində süni mayalama texnikləri hazırlayan kursu bitirmiş mütəxəssislərə dövlət büdcəsinin vəsaiti hesabına alınmış yeni süni mayalandırma avadanlıqları və yedəkli motosiklet verilməsi işi davam etdirilir. Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) xətti ilə “Kənd yerlərinin kompleks inkişafı layihəsi” çərçivəsində 20 nəfər süni mayalama texniki hazırlanıb və onlar 2014-cü ildən fəaliyyətə başlayıblar.
2014-cü ilin noyabr ayında 17 nəfər mütəxəssis Göygöl Rayon Süni Mayalandırma Mərkəzində təşkil olunmuş 2 həftəlik kursu bitirərək bu ixtisasa yiyələnib. Onlara avadanlıqlar dəsti və nəqliyyat vasitəsi verilib.