Bakı, 18 sentyabr, AZƏRTAC
Görüşdə qalib gəlməyə yaxın idik, üç xal da qazana bilərdik. Amma sonda bir xal əldə etdik. Qarşılaşmanın heç-heçə bitməsinin ədalətli olub-olmamasını müzakirə etməyəcəyəm. Rəqibi yaxşı təhlil etmişdik. Hansısa qol vəziyyətlərində sürətdə uduzsaq da, mübarizəmizi davam etdirdik. Rəqib iki taktiki variantdan istifadə etdi ki, biz də bunlara hazır idik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində oynanılan “Qəbələ” (Azərbaycan) - PAOK (Yunanıstan) matçından (0:0) sonra komandamızın baş məşqçisi Roman Qriqorçuk keçirdiyi mətbuat konfransında söyləyib.
Baş məşqçi deyib: “Çətin oyun oldu. İlk hissədə Aleksey Antonovla Ermin Zets yaxşı oynamadılar. Lakin ikinci hissədə A.Antonov daha yaxşı təsir bağışladı. Onun çıxışından razı qaldım. Bundan sonra da A.Antonov “Qəbələ”nin start heyətində çıxış edəcək. Transfer etdiyimiz yeni futbolçularımız Fakundo Pereyra və Meza Kolli də yaxşı oynadı. Verilən tapşırıqların öhdəsindən lazımınca gəldilər”.
“Qrupdakı digər oyunun nəticəsini - “Borussiya” (Dortmund) klubunun “Krasnodar” (Rusiya) komandasını məğlub etməsini isə çox sakit qarşıladım. Bəlkə də belə olacağını bilirdim. Əgər qrupda üç oyun keçirsəydik, onda qrupun digər matçının nəticəsini düşünərdik. Əsas odur ki, gələcəkdəki oyunlarımız haqqında düşünməliyik”, -deyə ukraynalı mütəxəssis bildirib.
Xatırladaq ki, “Qəbələ” – “PAOK” qarşılaşması qolsuz heç-heçə ilə yekunlaşıb.