Naxçıvan, 21 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-avqust aylarında muxtar respublikada 316 milyon 219 min Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi son bir ildə 6,2 faiz artaraq 275 milyon 460 min ABŞ dollarını ötüb, idxalın həcmi isə 45,3 faiz azalaraq 40 milyon 759 min ABŞ dolları həcmində olub. Xarici ticarət üzrə 234 milyon 701 min ABŞ dollarından çox həcmdə müsbət saldo yaranıb.
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti də tam təmin olunub. 2015-ci il sentyabrın 1-nə olan məlumata görə, muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 46 min 21-ə çatıb ki, bunun da 42 min 267-si və ya 91,8 faizi aktiv hesablardır. 2015-ci ilin yanvar-avqust aylarında açılmış 7 min 791 bank hesabının 7 min 737-si və ya 99,3 faizi aktiv hesablar olub.
Qeyd olunan dövrdə muxtar respublikada 147 POS-terminal quraşdırılıb və bu göstərici bu il sentyabrın 1-dək 1014-ə çatdırılıb.
Muxtar respublikada infrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-avqust ayları ərzində əsas kapitala 623 milyon 633 min manat həcmdə investisiya yönəldilib ki, bu da bir il öncəki göstəricidən 0,6 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 545 milyon 110 min manatı və ya 87,4 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

