Bakı, 1 oktyabr, AZƏRTAC
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİMM) və Bakı Slavyan Universiteti (BSU) görkəmli dilşünas Sergey Ojeqovun 115 illiyinə həsr olunmuş pedaqojı qiraət təşkil ediblər.
RİMM-dən AZƏRTAC-a bildiriblər ki, Sergey Ojeqov 1949-cu ildə ilk dəfə özünün məşhur “Rus dili lüğəti”ni çap etdirib. Rus sözlərinin minlərlə anlayış və mənasının şərhini ehtiva edən bu kitab S.Ojeqovun sağlığında altı dəfə, vəfatından sonra şagirdləri sayəsində daha 16 dəfə təkrar çap olunub.
Pedaqojı qiraətdə Azərbaycanın ali və orta məktəblərini təmsil edən filoloq-rusistlər iştirak ediblər. Bakı Slavyan Universitetinin tələbə və magistrantları böyük məmnuniyyətlə onlara qoşulublar.
BSU-nun filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Zemfira Vəliyeva gələnləri salamlayıb.
Diskussiyada Azərbaycanın Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, BSU-nun professoru Lidiya Qranovskaya, BSU-nun müasir rus dili kafedrasının müdiri, filologiya elmləri doktoru, professor İlyas Həmidov, BSU-nun ümumi dilşünaslıq kafedrasının müdiri, professor Qalina Udalıx iştirak ediblər.
Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyanın sədri Lyubov Yakunina deyib: “Görkəmli dilşünas Sergey Ojeqovun əsərləri rus dilinin tədrisi prosesinə müasir yanaşmaları və bu sahədəki problemləri müzakirə etmək üçün ciddi səbəbdir. Bu əsərlər rus dilindəki bu və ya digər sözü nəinki qoruyub saxlamağa, həm də bu dili öyrənənlərə əsaslandırılmış şəkildə çatdırmağa imkan verir”.