Bakı, 30 yanvar, AzərTAc
Pakistanda cümə namazı zamanı törədilən terror aktı nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb. Daha 55 nəfər yaralanıb.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, partlayış ölkənin cənubundakı Sind əyalətində, Şikarpur şəhərindəki şiə məscidində baş verib. Nəticədə binanın bir hissəsi uçub. Dağıntılar altında hələ də insanların qaldığı bildirilir.
Yerli polis rəisinin verdiyi məlumata görə, naməlum şəxs məscidə girərək içəriyə partlayıcı dolu bağlama qoyub.
Terror aktına görə məsuliyyəti ekstremist təşkilat olan “Cundullah” üzərinə götürüb.