İstanbul, 6 oktyabr, AZƏRTAC
Türkiyənin sədrliyi ilə fəaliyyət göstərən G20 qrupuna (Böyük İyirmilik) üzv olan və dəvət edilən ölkələrin ticarət nazirlərinin İstanbulda birgə toplantısı keçirilib.
Təşkilatda xüsusi dəvətli qonaq statusunda təmsil olunan Azərbaycanı bu toplantında iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybətcinin də qatıldığı toplantının açılışında bir sıra beynəlxalq təşkilarların rəhbərlərinin çıxışları dinlənilib.
Toplantıda beynəlxalq ticarət məkanındakı mövcud problemlər, ticarət əlaqələrinin genişlənməsinə mane olan halların aradan qaldırılması yolları, ticarət sahəsindəki münasibətlərin inkişafının iqtisadiyyatın digər sahələrinə təsir imkanları və digər məsələlər müzakirə olunub.
Xatırladaq ki, G20 qrupunun sentyabrın 5-də İstanbulda təşkil etdiyi Beynəlxalq Sərmayələr üzrə Qlobal Forumda isə dünya iqtisadiyyatının problemləri, sərmayə qoyuluşuna mane olan səbəblər, beynəlxalq maliyyə böhranından çıxış yollarına dair səmərəli fikir mübadiləsi aparılmışdı.
G20 qrupunun bütün toplantıları Böyük İyirmilik ölkələri dövlət başçılarının bu ilin noyabrında Antalya şəhərində keçirilməsi nəzərdə tutulan Zirvə görüşünə hazırlıq məqsədi daşıyır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul