Naxçıvan, 14 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 95 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, nazirliyin kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində davam etdirilən tədbiri maliyyə naziri Xalid İsgəndərov açaraq bildirib ki, Naxçıvan İnqilab Komitəsinin 1920-ci il oktyabrın 10-da qəbul etdiyi qərar ilə yaradılan Maliyyə Şöbəsi 1924-cü ilə qədər həmin ad altında fəaliyyət göstərib. Naxçıvan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il yanvarın 18-də qəbul etdiyi qərar ilə Xalq Maliyyə Komissarlığı yaradılıb. 1946-cı ildə Naxçıvan MSSR Maliyyə Komissarlığı Naxçıvan MSSR Maliyyə Nazirliyi adlandırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1998-ci il yanvarın 21-də imzaladığı fərmana əsasən, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin bazasında Naxçıvan Muxtar Respublikası Maliyyə-İqtisadiyyat Nazirliyi yaradılıb. Bu nazirlik Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il mayın 1-də imzaladığı fərmana əsasən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi adlandırılıb.
Qeyd olunub ki, son illərdə nazirlik hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. 2007-ci ilin avqust ayında Naxçıvan şəhərində müasir standartlara uyğun 6 mərtəbədən ibarət yeni bina inşa edilərək nazirliyin mərkəzi aparatının istifadəsinə verilib, əməkdaşların normal fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Eyni zamanda nazirliyin Kəngərli, Culfa, Şahbuz, Sədərək və Babək rayon şöbələri üçün yeni inzibati binalar tikilib. Ordubad Rayon Maliyyə Şöbəsi isə daha yaxşı iş şəraiti olan inzibati binaya köçürülüb.
Vurğulanıb ki, muxtar respublikada müasir texnologiyaların tətbiqi ilə bağlı nailiyyətlərdən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi də bəhrələnib. Hazırda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Xəzinədarlığından Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə daxil olan xəzinələrarası köçürmə sərəncamları elektron şəkildə daxil olmaqdadır. Sənəd dövriyyəsini sürətləndirmək, vaxt itkisini minimum həddə endirmək, sənədlərin təhlükəsizliyini təmin etmək və arxivini yaratmaq məqsədilə 2013-cü ildə daxili elektron poçt sistemi yaradılıb. Muxtar respublikanın idarə və təşkilatlarında maliyyə fəaliyyətinə nəzarətin operativliyini təmin etmək məqsədilə hesabat.nakhchivan.az domen ünvanlı operativ nəzarət portalı yaradılıb, portalda muxtar respublikanın bütün dövlət müəssisələrini əhatə edən elektron poçt sistemi istifadəyə verilib.
Xalid İsgəndərov kollektivin bundan sonra da yaradılan şəraitdən düzgün istifadə edəcəyini və onlara göstərilən qayğıya əməli işlə cavab verəcəyini bildirib.
Tədbirdən sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin kollektivi Heydər Əliyev Sarayında təşkil olunan “Muxtar respublika qadınları müstəqillik illərində” adlı sərgiyə baxıblar.