Lissabon, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də Portuqaliyada keçirilən növbəti parlament seçkilərində heç bir siyasi partiya təkbaşına hökumət qurmağa kifayət edəcək səs toplaya bilməyib. Nəticədə seçkilərdə əhəmiyyətli nəticə qazanmış tərəflər arasında koalisiya hökumətinin qurulması istiqamətində danışıqlar gedir.
Sosial Demokrat Partiyasının rəhbəri Pedro Pasuş Koelyo, Xalq Partiyasının rəhbəri Paulo Portas və Portuqaliya Sosialist Partiyasının lideri Antonio Koşta görüş keçiriblər. Artıq ikinci dəfə baş tutan bu danışıqlar da nəticə verməyib.
Müzakirələr zamanı əsas fikir ayrılığı bundan əvvəlki hökumətə rəhbərlik etmiş sağ-mərkəzçi qüvvələrin iqtisadi böhranın aradan qaldırılması üçün apardıqları sərt qənaət tədbirlərini davam etdirmək istəyidir. Sosialistlər isə belə tədbirlərin əleyhinə çıxış edirlər.
Sosialistlər paralel olaraq parlamentdə yer qazana bilmiş, daha qatı mövqedə dayanan sol siyasi təşkilatlarla da koalisiya danışıqları aparırlar. Lakin Portuqaliya mətbuatı bu danışıqlarda da uğur əldə olunmayacağını yazır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon