Bakı, 14 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi oktyabrın 14-də Sumqayıt şəhəri 40 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin, şəhər təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir nəzəri və praktiki olmaqla iki hissədən ibarət keçirilib. Nəzəri hissədə Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə qaz cihazlarından düzgün istifadə qaydaları”, “Elektriklə davranış qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxış ediblər.
Tədbirin praktiki hissəsində Mərkəzin “Sprinter” (“Mercedes BENZ”) markalı xüsusi təyinatlı avtomobilinə, onun təchiz olunduğu spesifik alət və avadanlığa baxış keçirilib, onların təyinatı və istifadə qaydaları haqqında məlumat verilib.
Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin hazırladığı “Dəm qazı təhlükəsi” adlı videoçarx nümayiş olunub.
Sonda suallar cavablandırılıb və iştirakçılara təbliğat materialları, bukletlər paylanılıb.
Sumqayıt məktəbliləri fövqəladə hallar zamanı təhlükəsizlik qaydaları ilə bağlı maarifləndiriliblər
Sumqayıt məktəbliləri fövqəladə hallar zamanı təhlükəsizlik qaydaları ilə bağlı maarifləndiriliblər