Astana, 16 oktyabr, AZƏRTAC
Qazaxıstanın “Eyr Astana” aviaşirkəti Xəzər dənizi rayonunda yaranmış vəziyyətlə əlaqədar Almatı-Bakı-Almatı reysinin marşrutunu dəyişib.
Yaxın vaxtlarda Almatı-Tbilisi və Almatı-İstanbul reyslərinin marşrutları da dəyişdirilə bilər. Hava gəmiləri Xəzər dənizini tamamilə yan keçməyə imkan verən yol ilə göndəriləcək.
Hazırda “Eyr Astana” aviaşirkəti Rusiya Federasiyasından icazə gözləyir, çünki həmin marşrutlar RF səmasından keçir.
Aviaşirkətdə bildiriblər ki, Almatı-Bakı reysinin trayektoriyası dəyişdiyinə görə uçuş müddəti artacaq. Bununla əlaqədar yanacaq sərfi də artacaq, lakin “Eyr Astana”da vəd ediblər ki, bu, biletlərin dəyərinə təsir göstərməyəcək.
“Eyr Astana” səhmdar cəmiyyətinin korporativ kommunikasiyalar üzrə meneceri deyib: “İndi biz Aktau rayonunda, daha şimaldan keçən marşrutla uçuruq. Uçuş müddəti 15 dəqiqə artıb, yəni əvvəlcə 3 saat 25 dəqiqə davam edən bu uçuşu həyata keçirmək üçün indi 3 saat 40 dəqiqə vaxt sərf edilir. Sərnişinlərdən xahiş edirik ki, bu məsələdə bizi düzgün başa düşsünlər, çünki hər halda bu tədbir uçuşun təhlükəsizliyini artırmaq məqsədi güdür”.
İlahə Əhmədova
AZƏRTAC—ın xüsusi müxbiri
Astana