Bakı, 21 oktyabr, AZƏRTAC
“Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İnnovativ gənc fermerlər” layihəsinin icrasına başlayıb.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində Lənkəran, Masallı, Astara, Lerik və Yardımlı rayonlarında gənc fermerlər üçün təlim və seminarlar keçiriləcək. Məqsəd region gənclərini kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinə istiqamətləndirməkdir.
Lənkəran Dövlət Universitetində keçirilən ilk təlimdə gənclərin təşəbbüslərinin dəstəklənməsi və onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, fermer təsərrüfatı ilə bağlı biznes planın hazırlanması, biznesin təşkilinə dair təqdimatlar nümayiş olunub.
Layihə çərçivəsində növbəti təlimlər Astara, Masallı, Lerik və Yardımlıda keçiriləcək.