Bakı, 21 oktyabr, AZƏRTAC
İntihara münasibətdə kütləvi şüurda bəzi stereotiplər mövcuddur. Adətən belə düşünürlər ki, intihar edənlər öz əməllərini tamamilə dərk edirlər və onların öz həyatları ilə istədikləri kimi davranmağa tam hüquqları çatır. Digər səhv düşüncə intiharın qaçılmaz olması ideyasıdır. Suisidal cəhdlər daha çox kəskin həyat böhranı dövründə yaranır. İnsan böhrandan tamamilə çıxdıqdan sonra intihar etmək ehtimalı yox olur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Səhiyyə Nazirliyinin intiharla bağlı yaydığı məlumatda əks olunub. Məlumatda bildirilir ki, intiharla bağlı üçüncü yanlış fikir bu barədə çox danışan insanların heç vaxt onu həyata keçirməmələri düşüncəsidir. Buna baxmayaraq intihar edənlərin 80 faizindən çoxu həyatdan köçmək istəmələri barədə əvvəlcədən kifayət qədər ciddi xəbərdarlıqlar ediblər. İntiharla bağlı dördüncü yanlış fikir insanın suisidal düşüncələrinin müzakirə edilməsinin onda intihar istəyinin daha çox baş qaldırmasına səbəb ola bilməsidir. Əslində isə intihar etmək qərarına gələn insana qarşı qayğı ilə yanaşmaq və həssaslıqla söhbət etmək onun vəziyyətini yüngülləşdirə və intiharın qarşısını ala bilər.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, intiharla dünyasını dəyişənlərin sayı təkcə il ərzində 1 milyon nəfər təşkil edir. Azərbaycanda da bu problem mövcuddur. Belə halların qarşısını almaq məqsədilə Psixi Sağlamlıq Mərkəzi 2012-ci ilin oktyabr ayından insanlara daha geniş psixoloji yardım xidmətlərinin göstərilməsi üçün fəaliyyətə başlayıb.
Açıqlamada qeyd olunur ki, ağır və xroniki psixi pozuntular zamanı suisid riski daha yüksəkdir. Psixi Sağlamlıq Mərkəzinin müalicə-konsultativ şöbəsi belə pasiyentlərə məsləhət-müayinə və müalicə xidmətləri göstərir. Pasiyentin vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün gündüz stasionarı xidməti təşkil edilib. Gündüz stasionarı ənənəvi stasionarın alternativ formasıdır. Bu stasionarın müsbət cəhəti odur ki, insan öz yaşadığı mühitdən uzaqlaşmadan ənənəvi stasionar xidmətlərini alır və evə gedə bilir. Gündüz stasionarı Səhiyyə Nazirliyi tərəfindən müasir dərmanlarla və yeməklə təchiz olunur.
Məlumatda intiharın qarşısını almaq üçün bütün cəmiyyətin bu haqda məlumatlı olmasının vacibliyi vurğulanır: “İnsan resursları ilə işləyən peşə qrupları - müəllimlər, sahə həkimləri, sosial işçilər sayıqlıq göstərməli, və psixi sağlamlıq sahəsində çalışan mütəxəsisslərlə sıx əməkdaşlıq etməlidirlər”.