"Qarabağ qaziləri, veteranları və şəhid ailələri parlament seçkilərində iştirak edəcəklər. İnanıram ki, onlar parlament seçkilərində uğurlu və səmərəli fəaliyyəti ilə Azərbaycanı ölkə daxilində və dünyanın istənilən nöqtəsində təmsil etməyə layiq olan namizədlərə səs verəcəklər".

Bu sözləri Secki-2015.az saytına "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıq prosesləri ilə bağlı danışarkən deyib. O bildirib ki, İctimai Birlik tərəfindən seçki prosesi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb: "Vətəndaşlar hər bir namizədin platformasıyla yaxından tanış olmalı, müqayisə apararaq düzgün seçim etməlidirlər".

Parlament seçkilərinə hazırlıq prosesi çərçivəsində Mərkəzi Seçki Komissiyası tərəfindən görülən işləri yüksək qiymətləndirən M.Mehdiyev qeyd edib ki, hər bir namizəd üçün müstəqil şəkildə öz təbliğat-təşviqat kampaniyasını aparması, seçiciləri ilə görüşlər keçirməsi üçün şərait yaradılıb.

Milli.Az