Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il tarixli 26 oktyabr Sərəncamı ilə 50-dək gənc hakim ilkin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar yenidən şərəfli hakim vəzifəsinə təyin olunublar.
Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a bildiriblər ki, hakimlərin seçilməsində ən şəffaf və mükəmməl qaydaların tətbiqi nəticəsində son illər ərzində 2600 namizəd sırasından 307 hüquqşünas hakim vəzifəsinə təyin edilib. Sevindirici haldır ki, bu sahədə Azərbaycan təcrübəsi mötəbər beynəlxalq qurumlar tərəfindən digər dövlətlərə örnək kimi tövsiyə olunub.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasını daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq ölkəmizdə bu sahədə kompleks işlər görülür, hakimlərin fəaliyyəti mütəmadi təhlil edilərək Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilir və onların gələcək fəaliyyətləri ilə bağlı dövlətimizin başçısına təkliflər verilir. Təkcə son illər ərzində əhalinin məhkəmələrə əlçatanlığının yaxşılaşdırılması, bu məqsədlə yeni məhkəmələrin yaradılması, habelə məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi üzrə ardıcıl tədbirlər ədalət mühakiməsinin səmərəliliyinə əsaslı təsir göstərib.
Vətəndaşlara məhkəməyə müraciət üçün əlverişli imkanlar yaradılmasının və onların rahatlığının təmin edilməsinin, habelə hakimlərin və məhkəmə aparatı işçilərinin iş şəraitinin yaxşılaşdırılmasının əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin tapşırıqlarına əsasən son illər bir çox yeni, müasir tələblərə cavab verən məhkəmə binaları inşa edilib, 10 məhkəmə üçün isə yeni binaların inşasına başlanılıb. Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş və iki məhkəmənin yerləşdiyi Sabunçu Məhkəmə Kompleksinin açılışında şəxsən iştirakı hər bir hakimdə böyük iftixar hissi doğurmaqla, onları ədalət mühakiməsini yüksək tələblər səviyyəsində həyata keçirməyə səfərbər edib.
Yeni məhkəmə binaları müasir texnologiya ilə tam təchiz olunur, videokonfransların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən sistemlər, məhkəmə iclaslarının elektron protokollaşdırılmasına imkan verən “Femida” sistemi quraşdırılır, vətəndaşlarla qeyri-prosessual münasibətlərin qarşısının alınması üçün binalar inzibati və ictimai zonalara bölünürlər.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində, aşkarlığın, vətəndaşların rahatlığının təmin olunmasında, süründürməçiliyin qarşısının alınmasında Azərbaycan Prezidentinin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında Sərəncamının müstəsna əhəmiyyəti nəzərə alınaraq bu sisteminin tətbiqi məqsədilə yeni binalarda hər cür infrastruktur yaradılıb, onun proqram təminatı hazırlanaraq pilot layihə qaydasında tətbiqinə başlanılıb.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə aparatı işçilərinin tədrisi də diqqətdən kənarda qalmayıb.
Bu günlərdə Məhkəmə-Hüquq Şurasının və Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının təşkilatçılığı ilə Bakı şəhərinin rayon məhkəmələrinin aparatlarından olan 40-dək məhkəmə işçisi üçün silsilə təlim kursları keçirilib.
Kurslar zamanı təcrübəli hakimlər və nüfuzlu ekspertlər tərəfindən məhkəmə işçilərinə vətəndaş-məmur münasibətlərinin etik aspektləri, məhkəmələrdə vətəndaşların qəbulu və bu zaman nəzərə alınmalı olan etik cəhətlər, məhkəmə sənədlərinin tərtibi xüsusiyyətləri, kargüzarlıq qaydaları ilə bağlı mövzular tədris edilib, səmərəli müzakirələr aparılıb.
Yasamal Rayon Məhkəməsinin yeni binasında, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş konfrans zalında keçirilən sonuncu təlim “Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasında “Elektron hökumət” və “Elektron məhkəmə” informasiya sistemlərinin rolu” mövzusuna həsr olunub.
Təlim çərçivəsində “Elektron məhkəmə” informasiya sisteminin təqdimatı keçirilib, bu sistemin vətəndaşların rahatlığına xidmət edən komponentlərinin – ərizə və şikayətlərin elektron formada verilməsi, məhkəmə prosesi iştirakçılarının “elektron şəxsi kabineti”, məhkəmə iclası barədə tərəflərin avtomatik məlumatlandırılması və digər məsələlərə xüsusi əhəmiyyət verilib.
Tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təcrübəli əməkdaşları tərəfindən “Elektron hökumət” portalının da təqdimatı keçirilib. Təlim iştirakçılarına portalın imkanları barədə ətraflı məlumat verilib. Portal üzərindən həyata keçirilən əməliyyatlar əyani nümayiş etdirilib.
Məhkəmə aparatı işçilərinin tədrisi, o cümlədən əhaliyə nümunəvi hüquqi xidmət göstərilməsi üçün yeni inşa edilən məhkəmə komplekslərində yaradılan təcrübə və qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə tanışlığı davam etdirilir. Bu məqsədlə yeni binalarda ən müasir texnoloji avadanlıqla təchiz edilmiş tədris zallarının imkanlarından səmərəli istifadə olunur.