Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2015-ci ildəki təqvim-planına uyğun olaraq, Dağ Velosipedi Parkında açıq federasiya kuboku yarışlarının sonuncu - üçüncü mərhələsi keçirilib. Yarışda peşəkar idmançılarla yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, reqlamentə əsasən, elit, U-23 və gənclər kateqoriyasında mübarizə aparan iştirakçılar 2,1 kilometrlik marşrut üzrə 7, U-17 yaş qrupunun velosipedçiləri 5, 15 yaşadək idmançılar isə 3 dövrə vurublar. Ümumilikdə 50-dən artıq idmançının iştirak etdiyi yarış maraqlı idman mübarizəsi şəraitində keçib.
Yarışın yekununda 15 yaşlı velosipedçilər arasında İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin nümayəndəsi Qadir Mustafayev finiş xəttini birinci keçib. Amma üç mərhələnin yekununa əsasən, onun komanda yoldaşı Osman Qəhrəmanov Federasiya Kubokunun qalibi adını qazanıb. U-17 yaş qrupunda "Lokomotiv"in nümayəndəsi Musa Mikayılzadə də bu mərhələni qalib kimi başa vursa da, bu, ona yekun sıralamada birinci olmaq üçün kifayət etməyib. Həmin yaş qrupunda İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin velosipedçisi Samir Şıxəlizadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Elit, U-23 və gənclər arasında yarışda isə gözlənildiyi kimi, İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbindən Aqşin İsmayılov bu mərhələdə hamıdan güclü olub. Amma üç mərhələnin yekununda həmin məktəbin digər təmsilçisi Orxan Məmmədov Federasiya Kubokunu başı üzərinə qaldırıb.
Fərqlənən idmançılar medal, diplom, kubok və pul mükafatı ilə təltif ediliblər.























