ANS PRESS-in Şəki polis şöbəsindən aldığı xəbərə görə, 1 həftə əvvəl axşam saatlarında Şəkinin Olimpiya küçəsində rayon sakini piyada Mübariz İsmayılovun ölümünə səbəb olan qəzanı törədən sürücünün axtarışları nəticə verib. Hadisəni törətməkdə şübhəli bilinən Bakı sakini Mirzə Lətifov tutulub.
Saxlanılan Mirzə Lətifov ANS PRESS-ə bildirib ki, hadisə zamanı qarşıdan gələn sürücü uzaqvuran işıqlardan istifadə etdiyi üçün o, yoldan keçən piyadanı görməyib. Maşının zərbəsinə tuş gələnin isə at olmasını ehtimal edib:"Rayon yerində gecə vaxtı küçədə kiminsə olmasına inanmadım. Həm də zərbədən sonra heç bir səsin çıxmaması da məndə heyvan vurduğuma əminlik yaratdı."

Mirzə Lətifov- saxlanılan
Digər maraqlı məqam isə ondan ibarətdir ki, avtomobilin zərbəsinə tuş gələrək hadisə yerində həyatını itirən rayon sakini Mübariz İsmayılova yardım etmək üçün gələn həkimlər onu hadisə yerində paltarsız aşkarlayıblar. Müstəntiqin dediyinə görə, həmin vaxt sərxoş olan mərhum paltarlarını çıxarıb küçəyə ataraq bu şəkildə yoluna davam edərkən qəza hadisəsi baş verib. Faktla bağlı Şəki Polis Şöbəsində araşdırmalar davam etdirilir.