Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasıın İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya texnologiyaları üzrə müasir terminlər” adlı ekspres-informasiya işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, yeni nəşrin müəllifləri bu elm müəssisəsinin şöbə müdiri Səyyar Abdullayev və böyük elmi işçi Südabə Abasova, elmi redaktoru institutun şöbə müdiri, professor Məsumə Məmmədovadır.
“İnformasiya Texnologiyaları” nəşriyyatında çapdan çıxan lüğətdə informasiya texnologiyaları üzrə istifadə edilən müasir terminlər toplanıb. İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri – alqoritmləşdirmə, proqram mühəndisliyi, informasiya təhlükəsizliyi, informasiya sistemləri, GPS və 3D texnologiyalar, vikipediya, internet, sosial şəbəkələr, bulud texnologiyaları və s. üzrə azərbaycanca-ingiliscə-rusca müasir terminlərin hər üç dildə izahı verilib.
Terminoloji lüğət informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislər, müəllimlər və bu sahə ilə maraqlananlar üçün nəzərdə tutulub.