Dünyanı oynadacaq günlər yaşanır

Dünyanı oynadacaq günlər yaşanır
21:22 8 Dekabr 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabr ayında 14 gün dünya bazarlarının müqəddəratını həll edəcək. Belə ki, əvvəlcə Avropa Mərkəzi Bankı, sonra isə OPEC və ABŞ-ın Mərkəzi Bankı mühüm qərarlar vermək üçün iclaslar keçirəcək. Bu iclaslar trilyonlarla dolların istiqamətini müəyyənləşdirib on ilin ən mühüm siyasət dəyişikliyinə səbəb ola bilər.

Britaniyalı siyasətçilərin iki il ərzində ikinci dəfə Yaxın Şərqə hərbi müdaxilə edilməsi üzrə səs verməyə hazırlaşdıqları, dünya liderlərinin isə planeti xilas etmək üçün Parisdə görüşlər keçirdikləri bir vaxtda əsl güc brokerləri bağlı qapılar arxasında toplanacaqlar.

Avrozonada deflyasiyanın hökm sürməsi ilə Avropa Mərkəzi Bankının prezidenti Mario Draqinin pul kütləsinə dəstək üçün "kəmiyyət asanlaşma proqramı"nın həcmini artırması gözlənilir. Qiymətlərin aşağı düşməsi ilə bağlı narahatlıqlar AMB-ni ilin əvvəli bir ay üçün 60 milyard avro həcmində proqram başlatmağa vadar edib.

OPEC isə yarım əsrdən çoxdur ki, enerji qiymətlərinə sərt nəzarət edir. Dünyanın neftlə zəngin ölkələri Səudiyyə Ərəbistanının rəhbərliyi altında qiymət müharibəsinə davam edib-etməmək haqqında qərar qəbul edəcəklər. Təşkilat üzvləri dekabrın 4-ü istehsal səviyyəsini və növbəti il üzrə neft qiymətlərinin istiqamətini müəyyənləşdirmək üçün bir araya gələcəklər.

Neft istehsal edən ölkələrin izlədiyi siyasət ötən 12 ay ərzində qlobal əmtəə bazarlarını əsaslı şəkildə sarsıdıb. Hələ bir il əvvəl OPEC ölkələrinin Vyanada keçirilən görüşündə rəqib istehsalçıları iflasa uğratmaq üçün neft hasilatını artırmaqla qiymət müharibəsinə başlamaları bütün dünyaya şok dalğası göndərdi. Bununla da neft qiymətlərinin yüksək olduğu dövr sona çatdı. Ötən ilin iyununda 115 dollar olan Brent markalı xam neftin bir barrelinin qiyməti 45 dollara düşdü.

"Wood Mackenzie" konsaltinq şirkətinin məlumatlarına görə, OPEC ölkələrinin bu strategiyası nəticəsində neft layihələrinə qoyulan investisiyalar 220 milyard dollara qədər azalıb. Şirkətin hesablamalarına görə, təkcə Şimal dənizində 65 min nəfər işdən çıxarılıb, bütün dünya səviyyəsində isə bu göstəricinin dörd qatıdır. ABŞ-ın şist nefti və Şimal dənizinin nefti üzrə investisiya qoyan yüksək xərcli istehsalçılar hasilatın artırılmasından xərclərin azaldılmasına qədər bütün yolları yoxladılar. Ancaq bunlar da kifayət etməyə bilər.

Səudiyyəlilər bu strategiyanı davam etdirməkdə qətiyyətli görünürlər. Bunun üçün də yaxşı səbəbləri var. Nəticə etibarilə, təhlükədə olan dünyanın ən gəlirli enerji bazarında nəzarətin itirilməsidir.

Neftin bir barrelinin qiymətinin 100 dollar olduğu halda, bərpa olunan enerji, şist nefti, neft qumları və nüvə enerjisi istehsalı səmərəli alternativlərdir. Qiymətlərin aşağı olması İran və Rusiya kimi rəqib istehsalçıların artımını ləngidərək inkişafına mane olacaq.

Gəlirlərinin 80 faizini neftdən götürən Səudiyyə Ərəbistanı da büdcəsindəki boşluğu doldurmaq üçün ehtiyatlarından 90 milyard dollar xərcləyib. Bununla belə, onun daha bir beş il üçün qiymət müharibəsini davam etməyə kifayət edəcək qədər ehtiyat nefti var.

Kapital bazarlarında ikinci böyük dəyişiklik ABŞ-ın Federal Ehtiyat Sistemlərinin 16 dekabr tarixində keçiriləcək görüşdə faiz dərəcələri ilə bağlı verəcəyi qərarla gələcək. ABŞ-da borc faizləri, onsuz da, artıb. Belə ki, ötən həftə Xəzinədarlıq Departamenti tərəfindən buraxılan iki illik istiqrazlardan gələn gəlir beş ilin ən yüksək səviyyəsinə çatıb. ABŞ dollarının gücü və xəzinə istiqrazlarının gəlirliliyinin artması inkişaf etməkdə olan bazarlara marağın ABŞ-ın xeyrinə azalması ilə kapitalın geniş miqyasda yenidən bölüşdürülməsi ilə nəticələnəcək. Düzün desək, mərkəzi banklar qarşıdan gələn iki həftə ərzində dünya bazarlarında reaksiyanın necə olacağını bilmirlər. Maliyyə menecerləri isə növbəti il üçün investisiyaların hansı yöndə olması və AMB, OPEC və ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən qərarlar verilən kimi tədbir görməyin yollarını axtarırlar.

Növbəti iki həftənin ən böyük təsiri britaniyalı investorlar üzərində olacaq. FTSE 100 indeksinin təxminən dörddə biri ya birbaşa əmtəə istiqamətində, ya da yardımçı xidmətlər və mühəndislik vasitəsilə ölçülür. Britaniyanın FTSE 100 indeksi bu il indiyə qədər 2,9 faizə qədər azalıb. Əmtəə qiymətlərinə əlavə təzyiq isə pul vəsaitlərinin hərəkəti təzyiq altına düşdüyünə görə dividenlərin kəskin şəkildə azalmasına səbəb olacaq.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/388113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR