"Bakı 2015"-də su oyunlarının keçiriləcəyi arenaya yeni yolun inşasının yekunlaşacağı vaxt açıqlandı

"Bakı 2015"-də su oyunlarının keçiriləcəyi arenaya yeni yolun inşasının yekunlaşacağı vaxt açıqlandı
11:08 30 Dekabr 2014
104 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Bakıda birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat-yol kompleksi üzrə təsdiq olunmuş tədbirlər planına əsasən, su oyunlarının baş tutacağı arenaya yeni avtomobil yolunun bağlantı yollarının tikintisi üzrə işlər sürətlə davam etdirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin Trend-ə bildirdiyinə görə, Bakı-Ələt magistralının 4-6-cı km-də tikilən bağlantı yollarının ümumi uzunluğu 5711 metrdir. 6 bağlantı yolundan dördü 4, biri 3, biri isə 6 hərəkət zolaqlı olacaq.

P.Mürsəliyev qeyd edib ki, eyni zamanda, Bakı-Ələt yolunun 4-cü km-də - "Bayıl dairəsi" adlanan ərazidə 4 giriş-çıxışlı yeraltı piyada keçidi də inşa olunur: "Keçidin uzunluğu 100, eni 8, hündürlüyü isə 4 metr təşkil edəcək. Hər tərəfdə ikisi olmaqla, 8 eskalator quraşdırılacaq. Keçidin qazıntı işləri yekunlaşıb, üst hissədə beton işləri tamamlanıb. Hazırda keçidin alt hissəsində beton işləri gedir".

ASC rəsmisi bildirib ki, bağlantı yollarının tikintisinə gəlincə, sonuncu qat istisna olmaqla asfalt-beton işlərinin 90 faizi yerinə yetirilib: "Bir bağlantı yolunda hazırda torpaq işləri görülür. Tikinti sahəsinə düşən maneələrin aradan qaldırılmasından sonra işlər daha da sürətlənəcək".

P.Mürsəliyev qeyd edib ki, ümumilikdə layihənin 2015-ci ilin birinci rübündə yekunlaşması gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR