Los Ancelesdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib

10:43 11 Dekabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 10-da ABŞ-ın Los Anceles şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib. Aksiyada kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün süfrə açılaraq, 500 nəfərə isti yeməklər verilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə keçirilən tədbir, ABŞ-ın ən böyük xeyriyyə təşkilatlarından olan “Los Anceles Missiyası”nda (LAM) təşkil olunub. Konsulluqdan Trend-ə verilən məlumata görə, aksiya zamanı baş konsul Nəsimi Ağayev və Baş Konsulluğun əməkdaşları “LAM”-ın könüllülərinə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər.

Tədbirdən öncə baş konsul N.Ağayev “Los Anceles Missiyası”-nın rəhbəri Herb Smit ilə görüşüb. Görüş zamanı, baş konsul, Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib. Baş konsul vurğulayıb ki, Ulu Öndər xalqın tələbilə 1993-cü ildə hakimiyyətə qayıdaraq, Azərbaycanı böyük bəlalardan xilas edib, ölkəmizin müstəqilliyinin qorunmasında və daha da gücləndirilməsində misilsiz rol oynayıb. O, Ümummilli Liderin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını qeyd edib.

N.Ağayev, Ulu Öndərin daxili və xarici siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və nəticədə Azərbaycanın dünyanın ən sürətlə çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini bildirib.

Öz növbəsində, H.Smit kimsəsiz və evsiz-eşiksiz şəhər sakinlərinə yardım məqsədilə Baş Konsulluq tərəfindən həyata keçirilən bu xeyriyyə tədbirinin olduqca vacib olduğunu vurğulayaraq, bu aksiya vasitəsilə böyük tarixi şəxsiyyət olan Heydər Əliyevi daha yaxından tanıma imkanı qazandıqlarını bildirib. H.Smit qeyd edib ki, bu tədbir eyni zamanda Azərbaycan xalqının və dövlətinin humanizm prinsiplərinə nə qədər sadiq olmasının, eləcə də digər mədəniyyət və etiqadlara hörmətlə yanaşmasının ən böyük göstəricilərindən biridir.

Baş Konsulluğun dəvətilə xeyriyyə aksiyasına qatılan Los Ancelesin xristian dini icmasının tanınmış xadimlərindən olan, 40-dan çox kilsənin yaradıcısı yepiskop Karlos Mendez, bu xeyirxah təşəbbüsü yüksək qiymətləndirərək, Heydər Əliyevin tarixi xidmətlərini qeyd edib.

Yepiskop Mendez bildirib ki, Heydər Əliyev dahi dövlət xadimi kimi həm Azərbaycanın müstəqilliyinin qorunmasında və güclənməsində, həm də bütün bölgədə sabitliyin bərpasında önəmli rol oynayıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2468245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR