Bakı, 15 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində dekabrın 15-də nazirliyin yaradılmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan mərkəzin rəis müavini, polkovnik-leytenant Elnur Qasımov Fövqəladə Hallar Nazirliyinin fəaliyyət göstərdiyi 10 il ərzində əhalinin, ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi, eləcə də insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər gördüyünü deyib.
E.Qasımov vurğulayıb ki, ölkəmizdə, həmçinin onun hüdudlarından kənarda baş verən fövqəladə hadisələr zamanı nazirliyin şəxsi heyəti xüsusi peşəkarlıq nümayiş etdirib.
Toplantıda FHN-in əhalinin və ərazilərin fövqəladə hallardan mühafizəsi istiqamətində həyata keçirdiyi işlər barədə məlumat verilib. Qeyd edilib ki, bu sahədə səmərəli nəticələr əldə etmək üçün beynəlxalq əməkdaşlıq çərçivəsində bir çox ölkə ilə işgüzar əlaqələr qurulub.
Sonda FHN-in fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilib.