Dünya Səhiyyə Təşkilatının hamiləliyə dair metodikası 4 doğum evində sınaqdan keçirilir

Dünya Səhiyyə Təşkilatının hamiləliyə dair metodikası 4 doğum evində sınaqdan keçirilir
12:08 19 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Həyata keçirilən layihənin məqsədi ana və uşaq ölümünün səviyyəsinin azaldılmasıdır. Bu baxımdan təlimlər və seminarlarla yanaşı, doğuşayardım tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı monitorinq və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi üçün müzakirələr də aparılmalıdır. Ölümlə nəticələnmiş və ya uğurla qarşısı alınmış kritik halların təhlili, əməkdaşlar arasında təcrübə mübadiləsinin aparılması olduqca vacibdir. Burada komanda işinin peşəkarlığı ana və uşaq ölümünün qarşısının alınmasına kömək edir. Bizim də məqsədimiz buna nail olmaqdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dünya Səhiyyə Təşkilatının (DST) “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası”nın tətbiqinə dair “dəyirmi masa”da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov səsləndirib.
Səhiyyə Nazirliyi tibbi yardımın təşkili şöbəsi müdirinin müavini Təhminə Tağızadə layihənin uğurla həyata keçirilməsinə görə İSİM-ə minnətdarlığını bildirərək deyib: “DST-nin bu metodikasının tətbiqi ölkə üçün çox vacibdir. Fəaliyyətin effektiv aparılması məqsədilə kadrların bilik və bacarıqlarının artırılmasına diqqət yetirilməlidir”.
İSİM-in səhiyyə siyasəti və islahatlar şöbəsi müdirinin müavini Nabil Seyidov son ay ərzində 20 doğum evində məlumatlandırma seminarının təşkil edildiyini, daha sonra 4 pilot doğum evinin seçilib orada müəyyən olunmuş meyarlara əsasən metodikanın tətbiqinin daha geniş miqyasda sınaqdan keçirilməsinə başlanıldığını nəzərə çatdırıb: “Bu doğum evlərində mütəmadi olaraq kliniki hallar üzrə müzakirələrin aparılması nəzərdə tutulub. Bu müzakirələr fəaliyyətin səmərəli qurulmasına yönəldilib”.
Tədbirdə Respublika Perinatal Mərkəzində bu metodikanın sınaqdan keçirilməsinin əməkdaşlar tərəfindən müsbət qarşılandığı bildirilib. Həmçinin DST-nin bu metodikasının regionlarda tətbiqinə nail olmağın vacibliyi vurğulanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunya_Sehiyye_Teskilatinin_hamileliye_dair_metodikasi_4_dogum_evinde_sinaqdan_kechirilir-912630

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR