Lənkəranlı alimin şəxsi kitabxanasında 10 minə yaxın nadir kitab qorunub saxlanılır

Lənkəranlı alimin şəxsi kitabxanasında 10 minə yaxın nadir kitab qorunub saxlanılır
17:48 10 Yanvar 2016
51 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 10 yanvar, Bağır Əliyev, AZƏRTAC
Filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, Əməkdar Müəllim, Prezident təqaüdçüsü Mirhaşım Talşlının şəxsi kitabxanasında 10 minə yaxın nadir kitab var.
AZƏRTAC xəbər verir ki, 6 kitabın, 3 metodik vəsaitin, 200-dən artıq elmi məqalənin müəllifi olan 90 yaşlı alimin kitabxanasında Talış xanı Mirmustafa xandan yadigar qalan və hər bir ayəsi qızıl suyu ilə yazılmış müqəddəs "Qurani-Kərim"in nadir nüsxəsi də məhəbbətlə qorunub saxlanılır. Onun kitabxanasında Nizami Gəncəvi, Məhəmməd Fizuli, Sədi Şirazi və digər böyük ədiblərin əsərləri üstünlük təşkil edir. Əsasən XVII-XIX əsrlərə aid, ərəb qrafikası ilə olan bu kitabların bəziləri əlyazma, digərləri isə çap formasındadır. Bu kitabların ictimaiyyətə çatdırılmasında və XIX əsr Lənkəran ədəbi mühitinin formalaşmasında Mirhaşım Talışlının böyük əməyi var. Tədqiqatçı-alimin kitabxanasında qədim kitab abidələri ilə yanaşı, dilçilik, ədəbiyyat, musiqi, tarix və digər sahələrə aid yüzlərlə dəyərli nəşrlər saxlanılır.
Qeyd edək ki, əruz vəzninin mahir bilicilərindən olan Mirhaşım Talışlı 16 yaşından "Müsafir" imzası ilə müxtəlif janrlarda şeirlər yazıb. O, Azərbaycan ədəbiyyatında ilk dəfə əruz vəznində sonet yazıb. Alim “Dedim ki, sözüm qala” şeirlər, "125 yaşlı məktəb", "Lənkəran" kitablarının, XIX əsr Lənkəran ədəbi mühiti haqqında elmi əsərin müəllifidir. Onun 2010-cu ildə “Xatirəmdə yaşayanlar” kitabı çap olunub. Talış xanlarından olan Mirmustafa xan Talışinski onun ulu babasıdır.
Əməkdar müəllim XIX əsrin ikinci yarısında Lənkəranda mövcud olmuş "Fövcül-füsəha" şairlər məclisinin tədqiqatçısı (namizədlik dissertasiyası bu mövzuda olub) və hazırkı rəhbəridir.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranli_alimin_sexsi_kitabxanasinda_10_mine_yaxin_nadir_kitab_qorunub_saxlanilir-917335

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR