Zakir Həsənov Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı ilə görüşüb

Zakir Həsənov Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı ilə görüşüb
17:29 14 Yanvar 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Zakaullah ilə görüşüb.

 

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumatına görə, Admiral M.Zakaullahın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşların məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyub.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Protokola uyğun olaraq qonaq Şərəf Kitabını imzalayıb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu vurğulayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Pakistanın Azərbaycanı dəstəklədiyi və xalqımızın haqq işinə kömək etməyə hazır olduğu xüsusi qeyd edilib.

Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində münasibətlərin genişləndirilməsi imkanları və perspektiv istiqamətlərini müzakirə edib, döyüş hazırlığı, birgə təlimlərin keçirilməsi, terrorizmə qarşı mübarizədə müştərək əməkdaşlığın, eləcə də Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin artırılmasının vacibliyini xüsusi vurğulayıblar.

Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.








Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228705

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR