Moskva, 11 fevral, AzərTAc
Rusiyada çıxan “Novıye izvestiya” qəzetində Natalya Zavyalovanın “Azərbaycan xoşbəxt beşliyə düşüb” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə qeyd olunur ki, Azərbaycan 2014-cü ilin yekunlarına görə dünyanın xoşbəxt ölkələri reytinqində ən xoşbəxt ölkələr beşliyinə daxil olub. “Xoşbəxt siyahıya” Fici başçılıq edir, ən uğursuz ölkələr isə Yunanıstan və İraq olub. Rusiya bir il ərzində göstəricilərini iki dəfə yaxşılaşdıraraq, reytinqdə 16-cı yeri tutur.
“Gallup International/WIN” müstəqil tədqiqat agentlikləri assosiasiyası tərəfindən aparılan qlobal sorğuda 65 ölkədən 70 min adam iştirak edib. Xoşbəxtlik indeksi, özünü xoşbəxt hesab etməyən insanların faizinin, özünü xoşbəxt sayan insanların faizindən çıxmaqla müəyyənləşdirilir.
Azərbaycanlılar ölkələrinin “xoşbəxtlik” reytinqinə təəccüblənməyiblər. Moskva Dövlət Linqvistika Universiteti (MDLU) nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, professor Bella Musayeva deyib: “Bizim dövlətimizdə sabitlik hökm sürür. Azərbaycan rəhbərliyi ümumilikdə ölkənin, eləcə də hər bir vətəndaşın maraqlarını nəzərə alır. Ölkəmizin düzgün siyasəti nəticəsidir ki, mən Moskvada, Rusiyanın dillər üzrə bu aparıcı ali məktəbində işləyirəm. Bu nüfuzlu təhsil ocağında Azərbaycan mədəniyyətini, dilimizi təbliğ edə bilirəm. Azərbaycan paytaxtı gündən-günə gözəlləşir. Bu yaxınlarda mən Bakıda oldum və aeroportdan mərkəzə gedən yolda yaşıl rənglə işıqlandırilan gözəl bir bina gördüm. Taksi sürücüsü bunun bu ilin iyununda keçiriləcək “Bakı-2015” Birinci Avropa Oyunları üçün tikilən yeni stadion olduğunu söylədi.
Əgər bizimlə ünsiyyətdə olan azərbaycanlıların fikirlərini yekunlaşdırsaq, əsas məqam budur: “Biz gələcəyə inanırıq, həyatımızda yaxşılığa doğru dəyişikliyi görürük və bu səbəbdən də özümüzü xoşbəxt hiss edirik”.
Yanvar ayının ortalarında Dünya Bankı qlobal artım proqnozunu dərc edib. Hesabata əsasən cari ildə Azərbaycanda iqtisadi yüksəliş dünya üzrə müvafiq sahəni bir faizdən çox üstələyəcəkdir.
Bu yaxınlarda “New York Times” qəzeti səfər üçün əlverişli ölkələrin ənənəvi illik dünya reytinqində Bakını 52 turistik istiqamət siyahısına daxil edib. “National Geographic” jurnalının “Gecə həyatı üçün ən yaxşı şəhərlər” reytinqində Bakı onluğa düşüb.
Rusiya səyahətçilərinin ölkəmiz haqqında qənaətləri belədir: “Bakı – qüdrətli meqapolisdir, bu şəhərdə qədimlik və müasirlik vahid ahəng yaradır. Ən əsası odur ki, Rusiyadan gələn turistlər burada özlərini rahat hiss edirlər”.
Holdinqin prezidenti və “Gallup International/WIN”-in Şərqi Avropa, Rusiya, və MDB üzrə əlaqələndirici direktoru Andrey Milexin Azərbaycanın yüksək reytinqini şərh edərək deyib: “Xoşbəxtlik indeksi cari vəziyyətin inkişafının və yaxşılaşmasının müşahidə edildiyi ölkələrdə artır. Başqa sözlə desək, xoşbəxtlik indeksi ədalət və ümidin hakim olduğu ölkələrdə artır”.
Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi müxbiri
Moskva