Moskva, 25 yanvar, AZƏRTAC
RF Dövlət Dumasının Millətlər məsələləri üzrə komitəsinin sədri Hacımet Səfərəliyev Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Moskva vilayəti üzrə icraçı direktoru Araz Mürsəliyevlə görüşüb. Görüş barədə məlumat RF Dövlət Dumasının saytında yerləşdirilib.
Görüşdə miqrantların sosial və mədəni adaptasiyası sahəsində dövlət milli siyasətinin reallaşdırılması məsələləri müzakirə edilib. A.Mürsəliyev Moskva vilayətinin ərazisində olan həmvətənlərimizin inteqrasiyası və adaptasiyası üzrə uğurlu iş barədə məlumat verib.
Komitə sədri Rusiya Federasiyasında dövlətin milli siyasət strategiyasının həyata keçirilməsində dövlət hakimiyyəti orqanlarının və vətəndaş cəmiyyəti təsisatlarının əməkdaşlığının vacibliyini vurğulayıb. H.Səfərəliyev deyib: “Bu gün federal və regional səviyyələrdə atılan addımların əksəriyyəti Rusiya xalqlarının əməkdaşlığını fəallaşdırmağa, onların milli mədəniyyətlərinin və dillərinin inkişafına yönəldilib”.
A.Mürsəliyevin aktiv ictimai fəaliyyətinə, milli həmrəyliyin möhkəmlənməsinə sanballı şəxsi töhfəsinə görə ona təşəkkür edən Komitə sədri səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva