Yeni sərhəd zastavası kompleksinin açılışı münasibəti ilə keçirilən mərasimdə DSX-nin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev çıxış edərək ümummilli lider Heydər Əliyevin milli inkişaf siyasətini qətiyyətlə davam etdirən Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin mükəmməl inkişaf yolu keçərək qarşıya qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirməyə qadir olan hərbi qurum səviyyəsinə yüksəlməsini xüsusi vurğulayaraq, son illər ərzində Azərbaycanda müasir sərhəd mühafizə infrastrukturunun formalaşması, bütün hərbi hissə və bölmələrdə yüksək xidmət və məişət şəraitinin yaradılması istiqamətində tədbirlərin uğurla davam etdirildiyini qeyd edib.
Tədbirdə iştirak edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev sərhədçiləri təbrik edərək onlara uğurlar arzulayıb.
Rəmzi lent kəsildikdən sonra sərhəd zastavasına baxış keçirilib.
Yeni eksperimental layihə üzrə tikilən sərhəd zastavasında xidmətin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Zabit və gizir ailələri üçün inşa olunan mənzillər, müasir tələblərə cavab verən xüsusi təyinatlı otaqlar, yeməkxana, istirahət guşəsi, idman zalı, təlim şəhərciyi, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana lazımi avadanlıq və vasitələrlə təmin olunub, yol və səkilər asfaltlanıb, ərazidə abadlaşdırma işləri görülüb.
Tədbirin sonunda Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.






















