Rusiya kommunistləri Dövlət Dumasında Leninin əleyhinə gedirlər.

Millli.Az xəbər verir ki, bunu Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov bildirib.

Onun sözlərinə görə, son zamanlar Rusiya parlamentində cəfəng təşəbbüslər səslənir. Gah "Ədalətli Rusiya" fraksiyasının rəhbəri Serqey Mironov qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı kirminallaşdırıcı qanunun qəbul edilməsini təklif edir, gah Rusiya Federasiyası Kommunist Partiyası (KPRF) fraksiyasından olan deputatlar onların öz rəhbəri Lenin tərəfindən ötən əsrin əvvəlində imzalanmış Moskva sazişinin ləğv edilməsi ilə Türkiyəni "cəzalandırmaq" fikrinə düşürlər:

"Əgər parlamentarilər eyni əhval-ruhiyyədə davam etsələr, Vladimir Jirinovskinin Rusiyanın Liberal-Demokrat Partiyası (LDPR) fraksiyasından kimsə Türkiyə ilə əlaqələri tam kəsməyi və bu ölkəyə müharibə elan etməyi təklif etsə, təəccüblənmərəm.

Bir çox ölkələrin parlamentlərinə müxtəlif cür insanlar düşür və belə bəyanat və təşəbbüslər o qədər də nadir hal hesab edilmir. İndiki halda isə onlar sağlam düşüncədənsə daha çox gücsüz qəzəbdən xəbər verir. Axı məsul Rusiya siyasətçilərinə güclü silahlı qüvvələrə malik, üstəlik NATO üzvü və ABŞ-ın müttəfiqi olan Türkiyə ilə hərbi qarşıdurmanın hədsiz riskləri və təhlükəli nəticələri bəllidir".

Politoloqun fikrincə, rusiyalı deputatların qarşıdurma ritorikası və bəyanatları mövcud güclər balansını dəyişə bilməz, əksinə, yalnız gələcəkdə Rusiya-Türkiyə münasibətlərinin tənzimlənməsini çətinləşdirəcək: "Xatırladım ki, rusiyalı parlamentarilər artıq vaxtilə məşhur "Belovejsk Sazişi"ni də ləğv ediblər, lakin bu qərar heç bir hüquqi nəticə vermədi və SSRİ-nin bərpasına gətirib çıxarmadı. Ona görə də real siyasət əvəzinə mənasız əks-təbliğatla məşğul olmağa dəyərmi? Onsuz da deputatların "ürəklərini boşaltdığı" Moskva telekanallarında bu təbliğat həddən artıq çoxdur. Belə təəssürat yaranır ki, bütün bunlar Kremlin özünə lazımdır ki, analitik və parlamentarilərin qalmaqallı çıxışları ilə öz "təmkinliy"ini kölgədə saxlasın. Lakin dünya Rusiya siyasi "mətbəx"inin əsl "aşpaz"larını yaxşı tanıyır..."

İlkin İzzət
Milli.Az