[ 14 Fevral 2015 12:27 ]
Bakı. Mübariz Aslanov – APA. “ABŞ-da erməni lobbisi və Azərbaycana qarşı işləyən digər qüvvələrin ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərmək cəhdləri açıq-aşkardır”. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində “Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində” mövzusunda keçirilən müzakirə zamanı komitə sədri Səməd Seyidov deyib.
S. Seyidov bildirib ki, bu gün ABŞ-ın ATƏT-in Minsk Qrupu çərçivəsində fəaliyyəti yalnız həmin münaqişə ilə bağlı deyil, eyni zamanda ABŞ-Azərbaycan münasibətlərinə ciddi təsir edən amildir: “Vaxtilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ABŞ-ın Minsk Qrupunun tərkibinə daxil edilməsi üçün böyük iş aparılıb ki, qrupun daxilində obyektivlik, balanslaşdırılmış düzgün siyasət daha qabarıq şəkildə özünü göstərsin. Bununla yanaşı, biz ABŞ-dan Azərbaycana münasibətdə selektiv yanaşmanın və ikili standartların aradan qaldırılması istiqamətində çox ciddi addımlar atılmasını, həmçinin Azərbaycanda sabitlik, təhlükəsizlik, demokratik inkişafın təmin olunması ilə bağlı obyektiv mövqe gözləyirik”.
S. Seyidov ikili standartın bariz nümunəsi kimi 907-ci Düzəlişi göstərib: “Bu, birbaşa erməni lobbisinin, Azərbaycanı istəməyən qüvvələrin bu regionda ABŞ-ın siyasətinə, onun özünün maraqlarına zidd amil kimi qiymətləndirilməlidir”.