A–
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında hamiləlik və doğuş zamanı fəsadların aradan qaldırılmasına həsr olunmuş geniş toplantı keçirilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən universitetin rektor əvəzi, professor Sabir Əliyev ana və uşaq sağlamlığı ilə bağlı müəyyən problemlərin mövcud olduğunu bildirib. Professor deyib: “Son illər doğuşların böyük hissəsi qeysəriyyə əməliyyatı ilə aparılır. Halbuki təbii doğuşla dünyaya gələn uşaqlar arasında xəstəliklər də az olur. Şəxsən mən bunun əleyhinəyəm. Həkim yalnız tibbi göstəriş olanda məcburən bu üsulu seçə bilər. Bu da yalnız 10-15 faiz hallarda ola bilər. Mama-ginekoloqlar bu məsələyə diqqət yetirməlidir”.
Ginekoloqların yüksək peşəkarlıq və hazırlıq səviyyəsinə malik olmasının vacibliyini söyləyən S.Əliyev vurğulayıb ki, doğuşun müsbət nəticələnməsi üçün xəstələrin analizləri dəqiq müəyyənləşdirilməlidir.
Səhiyyə Nazirliyinin doğuşayardım komissiyasının üzvü, professor Ədalət Həsənov isə son illər respublikada ana və uşaqların mühafizəsi sahəsində görülən işlərdən danışıb. Həmçinin ana ölümlərinin baş verməsinin əsas səbəbləri və risk faktorları, onların qarşısının alınması və aradan qaldırılması yolları ilə bağlı aparılan elmi-tədqiqat işlərinin nəticələri barədə məlumat verilib.
ATU-nun professorları İsfəndiyar İsmayılov, Çərkəz Cəfərov, Tədris Cərrahiyyə Klinikasının baş həkimi Asiman Həsənov çıxış edərək ana və uşaq sağlamlığının təmin olunması istiqamətində təkliflərini səsləndiriblər. Qeyd olunub ki, bu sahədə yaranmış problemləri aradan qaldırmaq üçün mütəmadi belə müzakirələrin aparılmasına ehtiyac var.
azertag.az: Tibb Universitetində ana və uşaq sağlamlığına dair müzakirələr aparılıb
