A–
Bakı,18 Fevral, AZƏRTAC
Fevralın 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyənin Erciyes Texnoparkı arasında əməkdaşlığa dair ilkin razılaşma sənədi imzalanıb.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, görüşdə AMEA rəyasət heyəti aparatının innovasiya şöbəsinin rəisi Vüqar Babayev iki qurum arasında əməkdaşlığın əhəmiyyətindən danışıb. Qeyd edilib ki, bildirib ki, bu iki elm ocağının əlaqələri 2014-cü ildə qurulub, innovasiya fəaliyyətinin təkminləşdirilməsi istiqamətində “Niyyət Sazişi” və əməkdaşlıq müqaviləsi imzalanıb. V.Babayev vurğulayıb ki, imzalanan saziş çərçivəsində tərəflər arasındakı əməkdaşlıq AMEA-da texnologiyaların transferi funksiyasının həyata keçirilməsi, AMEA Elm və Texnologiya Parkının yaradılması, AMEA inkubasiya proqramının hazırlanması, eləcə də Avropa İttifaqının çərçivə proqramlarında birgə layihələrlə iştirak edilməsi və digər məsələlər nəzərdə tutulur.
Erciyes Texnoparkı baş direktorunun müavini Səlahəddin Gönülatəş təmsil etdiyi qurum haqqında geniş məlumat verib.
S.Gönülatəş tərəflər arasında imzalanacaq əməkdaşlıq müqaviləsinin bu ilin sentyabrında Türkiyənin Nevşehir şəhərində kosmik sənaye mövzusunda təşkil ediləcək beynəlxalq tədbirin birgə əlaqələndirilməsi ilə bağlı olduğunu bildirib.
Sonra iki qurum arasında razılaşma imzalanıb.
Sənədi V.Babayev və S.Gönülatəş imzalayıblar.
Daha sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilə görüşdə S.Gönülatəş və SERA İnkubasiya Mərkəzinin rəhbəri Mehmet Yağcıoğlu əməkdaşlıq imkanlarını müzakirə ediblər.
azertag.az: AMEA Türkiyənin Erciyes Texnoparkı ilə əməkdaşlıq edəcək
