A+
A

Bərdə, 23 fevral, AZƏRTAC
2015-ci il bərdəlilər üçün Prezident İlham Əliyevin martın 12-də Bərdəyə səfəri ilə yaddaqalan və əlamətdar olub. Dövlətimizin başçısı səfər zamanı Heydər Əliyev adına park-bulvarın, Bərdə regional “ASAN xidmət” mərkəzinin, Uşaq İncəsənət Məktəbinin, Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun, Qarabağ Aqrar Sənaye Parkının açılışında iştirak edib, 588 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə və Bərdə türbəsində aparılan təmir işlərinin gedişi ilə tanış olub. Səfərdən sonra Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə 2015-ci ilin yekunları ilə bağlı Bərdə rayonunda keçirilən yığıncaqda bəhs edilib.
Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək düzüb, sonra Bərdədə istehsal edilən məhsulların sərgisinə baxıblar.
Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin məruzəsində bildirilib ki, hesabat dövründə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində ardıcıl tədbirlər görülüb. Yol polisi xidmətinin və təhsil şöbəsinin inzibati binalarının, Türkmən kənd tam orta, şəhər 7 nömrəli ümumi orta məktəblərinin, Mirzalıbəyli kəndində cins heyvandarlıq kompleksinin, Mehdili kəndində müasir yem zavodunun tikintisi başa çatdırılaraq istifadəyə verilib. Şəhərin İ.Qayıbov, Nüşabə və K.Cabbarov küçələri yenidən qurulub, piyada yolları tikilib, 19 fərdi yaşayış evinin dam örtüyü dəyişdirilib, fasadları təmir edilib. 31 kənd qazlaşdırılıb, 4 kəndin elektrik şəbəkəsi yenidən qurulub, əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 20 subartezian quyusu qazılıb.
Hazırda Ərazi Kənd Təsərrüfatı İdarəsinin, toxumçuluq müfəttişliyinin və aqrokimya laboratoriyasının, Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, tutumu 2 min ton olan soyuducu anbarın, 100 yerlik körpələr evi-uşaq bağçasının, Qarabağ kanalı üzərində maşın yolunun tikintisi, hər biri 1150 şagird yerlik olan şəhər 2 və 6 nömrəli, 480 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəb binalarının əsaslı təmiri, “Bərdə” türbəsinin bərpası davam etdirilir. Bərdə şəhəri və Zümürxan kəndi ərazisində Tərtər çayının yatağında sahilbərkitmə işləri aparılır, 3 kənd qazlaşdırılır, 6 kəndin elektrik şəbəkəsi yenidən qurulur.
Diqqətə çatdırılıb ki, ötən il rayonda 331,6 milyon manatlıq ümumi məhsul, o cümlədən 12,8 milyon manatlıq sənaye, 150 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, 61,4 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb. 2014-cü ilə nisbətən məhsul buraxılışının həcmi 6,6 faiz, o cümlədən sənaye məhsulu istehsalı 4,3 faiz, kənd təsərrüfatı 5,6 faiz, tikinti-quraşdırma işləri 7,5 faiz artıb.
Yığıncaqda rayonun təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə görülən işlər də ətraflı müzakirə edilib, sahibkarlığın və aqrar sahənin inkişafından, əhalinin qaz, elektrik enerjisi, su ilə təminatı sahəsində əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışılıb.
Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış edərək, 2015-ci ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan bəhs edib, tövsiyələrini bildirib.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
AZERTAG.AZ :Ötən il Bərdədə geniş tikinti-quruculuq işləri ilə yadda qalıb