A+
A

Bakı, 1 mart, AZƏRTAC
“Düşüncə” Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Yaşıl həyat-təbiəti qoruyaq!” layihəsi çərçivəsində Gəncədə gənclərin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən İctimai Birliyin sədri Emil Hüseynli bildirib ki, layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini aparmaqdır. Layihə çərçivəsində Bakıda gənclərlə görüş olub. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclərin ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirilməsi işini həmişə diqqətdə saxlayır. Qlobal iqlim dəyişiklikləri fonunda təbii fəlakətlər baş verir ki, bunların da nəticəsində insanlar həyatlarını itirirlər. Ona görə də hər bir gənc ətraf mühitin qorunmasında üzərinə düşən vəzifələri həyata keçirməklə yanaşı, ekoloji çirklənməyə qarşı mübarizə aparmalıdır.
E.Hüseynli qeyd edib ki, Prezident İlham Əliyevin qayğısı nəticəsində ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar yerinə yetirilir.
Heydər Əliyev Fondunun ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən önəmin göstəricisidir.
QHT rəhbəri deyib ki, bu günədək ekologiya sahəsində qiymətləndirmə aparan beynəlxalq reytinq agentlikləri və anonim müəlliflərin qiymətləndirmə nəticələri ilə müqayisədə ABŞ-ın tanınmış Yel və Kolumbiya Universitetləri tərəfindən hazırlanmış bu ekoloji indeksdə Azərbaycanın sıralamada yüksək yer tutması ölkədə ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin obyektiv qiymətləndirilməsinin aydın təzahürüdür.
Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin nümayəndəsi İlkin Hacıyev deyib ki, insanlar ekoloji problemlərin yaratdığı fəsadlardan ciddi əziyyət çəkirlər. Bunun səbəbi isə onların kifayət qədər məlumatlı olmamalarıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı vaxtdan ətraf mühitin mühafizəsi sahəsindəki çoxsahəli fəaliyyətində ictimaiyyətin məlumatlandırılması işi prioritet istiqamətlərdən biri olub. Bu yöndə nazirliyin həyata keçirdiyi tədbirlər müsbət nəticələr verir.
“Bu gün əhalinin ekoloji təhsili və maarifləndirilməsi dövlətin ekoloji siyasətində önəmli yer tutur. İnanırıq ki, əhali arasında genişmiqyaslı maarifəndirici tədbirlərin həyata keçirilməsi insanların ətraf mühitə daha qayğı ilə yanaşmasına imkan yaradacaq”, – deyə İ.Hacıyev vurğulayıb.
Sonda layihə çərçivəsində ekoloji maarifləndirməyə dair hazırlanan köynəklər gənclərə paylanılıb.
AZERTAG.AZ :Gənclər arasında ekoloji maarifləndirmə ilə bağlı layihə həyata keçirilir