A–
Naxçıvan, 4 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş idman yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində paralimpiyaçılar arasında voleybol yarışı olub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə muxtar respublikanın Paralimpiya Federasiyasının birgə təşkil etdiyi yarışda hər biri 6 nəfərdən ibarət 5 komanda iştirak edib.
Tədbirdə Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Paralimpiya Federasiyasının sədr müavini Fuad Səfərov çıxış edərək bildiriblər ki, yarışın keçirilməsində məqsəd məhdud fiziki imkanlı gənclər arasında idmanın kütləviliyinə, istedadlı idmançıların aşkara çıxarılmasına, həmçinin onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdır.
Yarışın nəticələrinə görə, 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülən komandalara Paralimpiya Federasiyasının hədiyyələri, digər yarış iştirakçılarına isə diplomlar təqdim edilib.
X X X
Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub. Naxçıvan şəhərindəki Olimpiya-İdman Kompleksində keçirilən yarış iki gün davam edib və 60-dan çox dəri əlcək sahibi qalib adı uğrunda mübarizə aparıb.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının birgə təşkil etdiyi birincilikdə idmançılar 12 çəki dərəcəsində rinqə çıxıblar.
Hər çəki dərəcəsində ilk üç pilləni tutan idmançılara diplomlar təqdim edilib.
X X X
Naxçıvan Muxtar Respublika Stadionunda muxtar respublikanın orta ixtisas və ümumtəhsil məktəblərinin tələbə və şagirdləri arasında 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş velosiped idman növü üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və muxtar respublikanın Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi birincilikdə 16-18 yaşarası oğlan və qızlar güclərini sınayıblar.
160-a yaxın idmançının çıxış etdiyi birincilikdə qızların mübarizəsində Naxçıvan Musiqi Kollecinin tələbəsi Kəmalə Əliyeva finiş xəttinə daha tez çatıb. Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Günəş Cahangirova ikinci, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdi Lalə Kərimova isə üçüncü yeri tutub.
Oğlanların mübarizəsində isə mükafatçılar Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin şagirdləri olub. Belə ki, Ayxan Seyidov, Musa Sadiqov və Ramin Zamanov müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
Sonda qaliblərə təşkilatçıların diplomları təqdim edilib.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu
AZERTAG.AZ :Naxçıvanda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yarışlar keçirilib

