A+
A

Bakı, 4 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) Bakı Slavyan Universiteti (BSU) üzrə Gənclər Birliyinin illik hesabat iclası keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin BSU-dakı büstü önünə əklil qoyublar.
BSU YAP Gənclər Birliyinin sədri Elvin Hətəmov iclasın gündəliyindəki məsələləri diqqətə çatdırıb. Sonra birliyin illik hesabatı dinlənilib. Yeni Azərbaycan Partiyasının tədbirlər planına əsasən birliyin cari il ərzində həyata keçirdiyi layihələr barədə məlumat verilib.
Hesabat dinlənildikdən sonra geniş müzakirələr aparılıb. Bildirilib ki, nəzərdə tutulmuş layihələrin icrasında Gənclər Birliyi idarə heyətinin üzvləri fəal iştirak ediblər.
Sonra səsvermə yolu ilə birliyin sədri və müavinləri seçilib.
İclasda çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı yeni heyəti təbrik edib. Respublikamızın çiçəklənməsində və ictimai həyatında fəallığa görə Gənclər Birliyinin üzvlərinə təşəkkürünü bildirib.
BSU-nun rektoru, professor Asif Hacıyev gənclərə göstərilən yüksək etimad və qayğıya görə Yeni Azərbaycan Partiyasına təşəkkür edib.
YAP Nəsimi rayon təşkilatının ərazi ilk partiya təşkilatının (BSU) sədri, dosent Aygül Hacıyeva gəncləri birliyin yeni idarə heyəti ətrafında birləşməyə çağırıb, onlara gələcəkdə nəzərdə tutulan mühüm layihələrin icrasında uğurlar arzulayıb.
YAP-a yeni üzv olmuş 50-dən çox gəncə üzvlük vəsiqəsi təqdim edilib.
AZERTAG.AZ :Yeni Azərbaycan Partiyasının BSU üzrə Gənclər Birliyi hesabat verib