A+
A–

Bakı, 7 mart, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının doqquzuncu ildönümü ərəfəsində respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi ilə bağlı tədbirlərin davamı olaraq təşkil edilən görüşlərdə əsasən miqrasiya qanunvericiliyi barədə ətraflı söhbət açılıb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan əcnəbi tələbələrə miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Xidmətin funksiyaları izah olunub.
Ölkəmizə gələn əcnəbilərin respublikamızda olma və yaşamalarını leqallaşdırmalarının qanunvericiliyin tələbi olduğu diqqətə çatdırılıb, qanunsuz miqrasiya halları ilə mübarizə sahəsində əldə edilən nəticələrə toxunulub. Azərbaycana təşrif buyuran hər bir əcnəbinin qanunsuz miqranta çevrilməməsi üçün miqrasiya ilə bağlı müvafiq prosedurlara əməl etmələrinin vacibliyi əsaslandırılıb.
Azərbaycan Tibb Universiteti tələbələri ilə keçirilən maarifləndirmə tədbirində ölkəmizdə reallaşdırılan miqrasiya siyasəti haqqında geniş məlumat verilib. Bildirilib ki, əcnəbilər ölkəmizdə 10 gündən artıq qalmaq istədikləri halda respublikaya gəldikləri vaxtdan on gün ərzində DMX-nin regional miqrasiya idarələrinə birbaşa müraciət edərək və yaxud elektron qaydada qeydiyyata düşməlidirlər. Görüşdə əsaslar olduğu halda Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları izah olunub.
Qafqaz Universitetində təşkil olunmuş görüşdə isə bu il martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsindəki yeniliklər haqqında danışılıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə, Azərbaycan Respublikasında olması, yaşaması, yaxud ölkə ərazisindən tranzitlə keçməsi qaydalarının pozulmasına görə müəyyən edilən inzibati məsuliyyətdən bəhs olunub.
Tələbələr görüşə görə minnətdarlıq ediblər. Azərbaycan Tibb Universitetində təhsil alan Nigeriya vətəndaşı Daniel Egoika bildirib: “Hazırda birinci kurs tələbəsiyəm. Dövlət Miqrasiya Xidmətinin əməkdaşları universitetimizə gələrək Miqrasiya Xidməti haqqında bizə məlumat verdilər, suallarımızı cavablandırıdılar. Müvəqqəti yaşama icazəsini əldə etmək, Miqrasiya Xidmətinə necə müraciət etmək və s. məsələlərə aydınlıq gətirdilər. Dövlət Miqrasiya Xidmətinin bu münasibətindən və göstərdiyi xidmətlərdən çox razı qaldıq”.
Qafqaz Universitetinin ikinci kurs tələbəsi, Mozambik vətəndaşı Şakira da tədbirdən razı qaldığını bildirərək deyib: “Hər il Miqrasiya Xidmətinin əməkdaşları universitetimizə gəlib belə görüşlər keçirir, bizi miqrasiya qanunlarındakı yeniliklərlə tanış edirlər. Bu, biz tələbələr üçün çox önəmlidir”.
AZERTAG.AZ :Əcnəbi tələbələrlə görüşlərdə miqrasiya qanunvericiliyi barədə ətraflı söhbət açılıb
Əcnəbi tələbələrlə görüşlərdə miqrasiya qanunvericiliyi barədə ətraflı söhbət açılıb
Əcnəbi tələbələrlə görüşlərdə miqrasiya qanunvericiliyi barədə ətraflı söhbət açılıb