Bakı. Trend:
Azərbaycan Velosiped İdmanı Federasiyası, 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunun ətrafındakı yollarda adı çəkilən məktəbin açıq birinciliyi keçirilib.
Federasiyadan Trend-ə verilən məlumata görə, yarışda federasiyanın nəzdində fəaliyyət göstərən digər klub və cəmiyyətlərdən də olmaqla, ümumilikdə 80 velosipedçi mübarizə aparıb.
Reqlamentə əsasən, 12 km məsafəyə yarışan qızların mübarizəsində ilk 2 yeri 8 saylı Olimpiya Məktəbinin təmsilçiləri Validə Cabbarova və Elfanə Camalova tutub. Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin üzvü Viktoriya Buxenskaya 3-cü olub.
Yaşı 15-dək olan oglanlar 18 km məsafəyə yürüşdə mübarizə aparıblar. Bu yaş kateqoriyasında 1-ci və 2-ci yerə 8 saylı məktəbin velosipedçiləri Əhməd Əhmədov və Elmir Əliyev layiq görülüblər. Sumqayıt Velosiped İdmanı Klubundan Fərid Bəylərov ilk üçlüyü tamamlayıb.
U-17 və gənclər kateqoriyasında çıxış edən velosipedçilər isə 60 km məsafə qət ediblər. Xüsusi gərginliyi ilə yadda qalan 17 yaşlıların yürüşündə 1-ci yerə 8 saylı məktəbdən Xankişi İsgəndərov layiq görülüb. Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin üzvü İvan Orlov 2-ci, “Atasport” klubunun nümayəndəsi Bəylər Ağayev isə 3-cü yerə layiq görülüb.
Və ən nəhayət, gənclər arasında 8 saylı Olimpiya Məktəbindən Nicat Oruczadə finiş xəttini hamıdan öndə keçib. Onun komanda yoldaşı Maksim Naperstkov 2-ci, Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin təmsilçisi Rövşən İsmayılov isə 3-cü yeri tutub. Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.
Bizi Twitter-dən izləyin: @trend_az

















