Bakı, 18 fevral, AzərTAc
Manatın məzənnəsi ilə bağlı baş verənlər pensiya sisteminə heç bir təsir göstərmir. Çünki pensiya sisteminin bazar iqtisadiyyatı mühitində fiskal təsirlərdən qorunma mexanizmləri var.
AzərTAc xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.
E.Mehdiyev bildirib ki, bu ilin yanvar və fevral ayında pensiyaların maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb. Pensiyalar alınan zaman bankomatların qarşısında gərginliklər isə pensiyaların maliyyələşdirilməsində problem kimi qiymətləndirilməməlidir. Bu, pensiyaçıların bir gündə bankomatdan öz vəsaitlərini nağd çıxarılması səbəbindən baş verir. Problemin həlli üçün DSMF müvafiq qurumlarla birgə iş aparır. İlk növbədə kart sahiblərinə müxtəlif bankların bankomatlarından istifadə etmək imkanın yaradılmasını barədə düşünürük.