A+
A

Vaşinqton, 22 mart, AZƏRTAC
Vaşinqtonda Amerikanın ən nüfuzlu yəhudi diaspora təşkilatı - Amerika İsrail İctimai İşlər Komitəsinin (AIPAC) - 2016-cı il üçün siyasi konfransı keçirilib.
Konfrans çərçivəsində Azərbaycan ilə İsrail arasındakı tərəfdaşlıq münasibətlərinə həsr edilmiş “Yeni tərəfdaşlar: İsrail və Qafqaz regionu” mövzusunda seminar təşkil olunub.
Artıq neçə illərdir AIPAC siyasi konfranslarına dəvət olunan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qeyd edilən seminarda əsas natiq qismində çıxış edib. Hayfa Universitetinin professoru, hazırda ABŞ-ın məşhur Corctaun universitetinin araşdırmaçısı kimi fəaliyyət göstərən Brenda Şeyferin moderatorluğu ilə keçən seminarda, həmçinin Cons Hopkins universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda İpək yolu araşdırmaları proqramının direktoru Svante Kornelin də çıxışı dinlənilib.
Səfir Elin Süleymanov Azərbaycan ilə ABŞ arasında əlaqələrdən danışaraq, iki ölkənin enerji və radikalizmlə mübarizə sahəsində yaxın tərəfdaşlıq münasibətlərinə malik olduğunu və ABŞ-ın regionun enerji layihələrinə dəstəyinin əhəmiyyətini vurğulayıb. Diplomat, həmçinin hazırkı geosiyasi proseslər kontekstində ABŞ-ın Cənubi Qafqazla bağlı uzun müddətli maraqlara söykənən strateji yanaşmasına xüsusi ehtiyac duyulduğunu bəyan edib.
Müsəlman şərqində ilk demokratik respublikanın Azərbaycanda təsis edildiyini və qadınlara seçki hüququnun hətta ABŞ-dan əvvəl ölkəmizdə verildiyini qeyd edən diplomat bu gün Azərbaycanın proqressiv müsəlman dövləti olaraq inkişafı və tolerantlıq nümunəsinə çevrilməsinin məhz ölkə rəhbərliyinin uzaqgörən siyasəti sayəsində mümkün olduğunu söyləyib. Səfir dünyanın bir çox bölgələrində radikalizm meyllərinin gücləndiyi bir zamanda Azərbaycanın tolerantlıq ənənələri ilə gündəmə gəldiyi, ölkəmizdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların, o cümlədən yəhudi icmasının sülh və əmin-amanlıq içərisində yaşadığını vurğulayıb.
Azərbaycanla İsrail arasında olan tərəfdaşlığın ölkəmizin praqmatik siyasətinin və mədəniyyətlərarası dialoqa sadiqliyinin göstəricisi olduğunu söyləyən səfir iki ölkə arasında iqtisadi, humanitar və siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, habelə bu tərəfdaşlığı Azərbaycan və yəhudi xalqlarının uzun əsrlər boyu davam edən dostluğuna söykəndiyini bildirib.
Çıxışlardan sonra təşkil edilmiş sual-cavab sessiyasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi proseslər və regional təhlükəsizlik çağırışları kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu gün yekunlaşması nəzərdə tutulan AIPAC konfransına ABŞ və dünyanın müxtəlif ölkələrindən iyirmi mindən çox nümayəndə, akademik dairə və ictimai təşkilat mənsubları, ABŞ Konqresinin 300-ə yaxın üzvü, habelə bir sıra yüksək vəzifəli rəsmilər qatılıblar. Konfransda ABŞ vitse-prezidenti Cozef Bayden, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayn, 2016-cı il prezident seçkilərinə namizədliyini irəli sürmüş sabiq dövlət katibi Hillari Klinton, Texas ştatından olan senator Ted Kruz, biznesmen Donald Tramp, Con Keysik və başqaları çıxış ediblər.
Qeyd etmək lazımdır ki, Amerikada olduqca nüfuzlu siyasi tədbir olan AIPAC konfranslarında başlıca olaraq ABŞ və İsraillə əlaqədar müzakirələr təşkil olunur və nadir hallarda digər dövlətlərlə bağlı tədbirlərə yer verilir. Buna baxmayaraq, son illər ərzində AIPAC siyasi konfranslarında Azərbaycan ilə İsrail arasında münasibətlərə dair xüsusi tədbirin keçirilməsi artıq bir ənənəyə çevrilib və bu da bir daha ölkəmizin dünyada artan strateji əhəmiyyətindən xəbər verir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
AZERTAG.AZ :Amerikanın ən nüfuzlu yəhudi təşkilatının konfransında Azərbaycan müzakirəsi
Amerikanın ən nüfuzlu yəhudi təşkilatının konfransında Azərbaycan müzakirəsi